Ötən il avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı mühüm sərəncamla gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Bu gün sözügedən mühüm sərəncamın imzalanmasından 1 il ötür. Ötən müddət ərzində sərəncamın icrası diqqətdə saxlanılıb, sərəncam kitaba yenidən qayıdışda mühüm rol oynayıb.
Kitab və mütaliənin təbliği bu gün uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin və dövlətimizin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bütün kateqoriyadan olan insanların kitabxanalara cəlb edilməsi işi mühüm əhəmiyyət daşıdığı kimi, uşaq, yeniyetmə və gənclərin mütaliəyə marağının artırılması da məqsədyönlü tədbirlərdəndir. Gənclərin mütaliə xarakteri isə hər gün dəyişir, yəni günümüzdə uşaqlar üçün sərbəst oxu zamanı kitab seçimi asan olmur və mütəxəssis köməyinə ehtiyac yaranır. Uşaq və gənclərin gələcəkdə vətənpərvər şəxsiyyət, sağlam düşüncəli vətəndaş kimi formalaşmasında hər hansı bir kitabın və ya kitabların tövsiyə olunması böyük əhəmiyyət kəsb edir. Bu mənada oxunması zəruri olan kitablara üstünlük verilməsi fərdin sonrakı seçimlərinin düzgün olmasına zəmanət verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Siyahıya ilkin olaraq 30 kitab daxil edilib. Sərəncamın daha bir mühüm cəhəti də ondan ibarətdir ki, mühüm dövlət sənədində bu siyahının zənginləşdirilməsi tapşırığını özündə əks etdirən müvafiq bənd də öz əksini tapıb. Yəni bu siyahı yeni nəşrlər hesabına daim zənginləşdiriləcəkdir. Bu tapşırığa uyğun olaraq xalq yazıçısı Elçinin “Baş” romanı sonradan siyahıya əlavə edilib.
Tövsiyə olunan siyahıya nəzər salırıq: “Kitabi-Dədə Qorqud”. Türklüyün ulu kitabı. Bu dəyərli mənbə ilə tanış olan gənclərimiz Dədəmiz Qorqudun fəlsəfəsindən qidalanıb, dahi Nizaminin hikmət xəzinəsindən yararlanaraq dünyagörüşünü artıracaq, Nəsirəddin Tusidən əxlaq dərsi alacaqlar. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının siyahıda yer alması isə əsl vətən sevgisini daha anlaşıqlı, sadə və oxunaqlı dillə aşılayacaq. Oxunması zəruri olan kitablar sırasında Teodor Drayzerin, Cek Londonun, Ernest Heminqueyin, Nikolay Ostrovski və dünyanın digər görkəmli yazıçılarının fikirləri ilə tanış olan oxucularımız daha geniş müqayisə etmək imkanı qazanacaqlar. Bir sözlə, tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir.
Muxtar respublikada sərəncamdan irəli gələn digər məsələlərin icrası da ötən bir il ərzində diqqətdə saxlanılıb. Sərəncama uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılıb. Kitab evlərində oxunması zəruri olan kitabların xüsusi guşələrdə satışına şərait yaradılıb. Bu da kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edib. Kitabxanalarda, mədəniyyət və təhsil müəssisələrində, ayrı-ayrı təşkilatlarda kitab müzakirələri keçirilib, oxunması zəruri olan kitabların təhlili aparılıb, sakinlər, eləcə də gənclər bu kitabların məzmunu ilə tanış olublar. Kitab evlərində təşkil olunan “Kitab qoy, kitab götür”, “Kitablar tozlanmasın” kimi əhəmiyyətli təşviqat kampaniyaları da sərəncamda adıçəkilən kitablara əlçatanlığı təmin edib.
İctimaiyyət tərəfindən maraqla qarşılanan oxunması zəruri olan kitablara qısa zamanda tələbat artıb. Bu tələbat nəzərə alınaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində bu kitabların bir çoxu, o cümlədən Eynəli bəy Sultanovun “Məqalələr”, Faruk Sumerin “Oğuzlar”, Rəşidəddin Fəzlullahın “Oğuznamə”, Nikolay Ostrovskinin “Polad necə bərkidi” və digər əsərlər yenidən nəfis şəkildə nəşr etdirilərək oxuculara təqdim edilib.
Sərəncam ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb, ictimai xadimlər, jurnalistlər və ziyalılar kütləvi informasiya vasitələrində bununla bağlı fikirlərini bildirib, informasiya saytlarında və qəzetlərdə məqalələr dərc ediblər. Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təsdiq etdiyi “Oxunması zəruri olan kitabların siyahısı” Naxçıvanda ardıcıl olaraq aparılan təhsil islahatlarının məntiqi davamıdır. Əməkdar jurnalist Tahir Talıblı bu sərəncamı “gecə qaranlığında çaxan şimşək effekti” kimi dəyərləndirib. Bir sözlə, sərəncam tezliklə ölkədə böyük rezonans yaratdı, ölkəmizdə və xarici mətbuat səhifələrində, internet portallarında, sosial şəbəkələrdə maraqlı məlumatlar yer aldı, ziyalıların dəyərləndirmələri təqdim edildi.
Hətta Ali Məclisin Sədrinin bu mühüm sərəncamına uzaq Avropadan da münasibət bildirildi. Böyük Britaniyanın nüfuzlu BBC korporasiyası bununla bağlı məlumat hazırladı. Yazıda qeyd olunur ki, Ali Məclisin Sədri Vasif Talıbovun bu sərəncamı ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli və təqdirəlayiq bir hadisədir. BBC Azərbaycan ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, dünya ədəbiyyatının məşhur yazarlarının da əsərlərinin siyahıya daxil edilməsinə də diqqət çəkib. Qeyd olunur ki, oxunması zəruri olan bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. BBC həmçinin yazıda sosial şəbəkə istifadəçilərinin də fikirlərinə yer verib və bədii ədəbiyyatların mütaliəsi ilə bağlı bu təşəbbüsün bütün dünya üçün nümunə gücündə olduğunu qeyd edib.
Bəli, sərəncamın icrasından bir il ötdü. Bu, əslində o qədər də geniş zaman dilimi deyil. Lakin ötən bir il ərzində görülən işlər, əldə olunan nəticələr, verilən yüksək qiymət onu deməyə əsas verir ki, bütün görülən bu işlər, heç şübhəsiz ki, gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik insanlar kimi yetişməsinə əhəmiyyətli təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində və kitaba yenidən qayıdışda mühüm rol oynayacaqdır.
Röyal Məmiyev
Naxçıvan televiziyasının baş redaktoru