Prezident İlham Əliyev Bakı bulvarında yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

268

Avqustun 28-də Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Bakı bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. 1960-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi. Bakı dənizkənarı parkı da hamının diqqətini cəlb edən gözəl məkana çevrildi. Azneft dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi də sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə sakinlərin çox xoşuna gəldi və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi.

“Qu quşları” fəvvarəsinin kompozisiyası bir neçə dəfə işlənilib. 1960-cı illərin əvvəlində 7 qu quşundan və hovuzdan ibarət olan kompozisiyaya 1980-ci illərdə yeni çalarlar əlavə edildi. 1990-ci illərin əvvəlində ölkədə hökm sürən xaos və baxımsızlıq səbəbindən bir çox digər ictimai obyektlər kimi, bu ansambl da bərbad vəziyyətə düşdü. 2007-ci ildə dənizkənarı bulvar yenidən qurularkən onun yerində mərmər fəvvarə kompleksi yaradıldı. Lakin tarixi qu quşları ilə məşhurlaşan fəvvarə üçün hər zaman bir nostalji var idi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Təkcə paytaxt əhalisinin deyil, ölkəmizə gələn çoxsaylı turistlərin xoşladığı və baş çəkdiyi bu məkan gözəlləşən Bakının görkəminə daha bir xoş ovqat gətirdi. Bu ansamblın yenidən öz tarixi simasını bərpa etməsi nəticəsində bütün dünyada məşhur olan Bakı Bulvarının siması daha da gözəlləşdi.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlər barədə məlumat verdi.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər yüksək səviyyədə həyata keçirilib. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi diqqət yetirilib. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan xatirələri də canlandıracaq.

Dövlətimizin başçısı və birinci xanım dənizkənarı milli parkda kiçik Venesiya şəhərciyinin ərazisinə də baxdılar. Burada yeni yer örtüyü salınıb, əlavə ağaclar əkilib, ətraf abadlaşdırılıb.

Bu gün, eyni zamanda, həm Avropa, həm də Şərq arxitektura koloritini özündə birləşdirən Bakı gözəlliyinə görə dünyada diqqət çəkən, turistlərin səyahət üçün seçdiyi şəhərlərdən biridir. Bakının tarixi rəmzlərindən biri olan “Qu quşları” fəvvarələr kompleksinin yenidən ilkin görkəminə qaytarılması paytaxtımızın hüsnünə yaraşıq verməklə yanaşı, ənənələrin yaşadılması, müasir memarlıqda tarixi izlərin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: