Qarabağlar türbəsində qədim və orta əsr memarlıq  elementlərinin sintezi

226

Qarabağlar kəndinin ərazisində memarlıq abidələri qədim dövrdən mövcud olub. Araşdırmalara əsasən deyə bilərik ki, hələ Eneolit dövründə Qarabağlar üçün dairəvi formalı arxitektura xarakterik idi. E.ə. III minillikdən başlayaraq isə  Qarabağlar kəndində qala tipli yaşayış məskənləri formalaşıb. Bu yaşayış yerləri iri həcmli daşlardan inşa olunmuş müdafiə divarları ilə əhatələnib. Hazırda bu kəndin ərazisində I Bəzəkli, II Bəzəkli, Qalacıq, Qarabağlar qalası, I Suzqunlar, II Suzqunlar qalası adı ilə qeydə alınan müdafiə istehkamları mövcuddur. Müəyyən olunub ki, Orta Tunc dövründən başlayaraq Qarabağlar ərazisində dördkünc formalı arxitektura geniş yayılıb, yaşayış evləri dördkünc formada inşa edilib. Qalaların mərkəzi hissəsində sitadel yerləşmiş, evlər müdafiə divarına birləşik şəkildə inşa olunub. Bu abidələrin tədqiqi Orta Tunc dövründən başlayaraq Qarabağlarda memarlıq sənətinin yüksək inkişaf səviyyəsinə çatdığını təsdiq edir.

  Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar Orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olub. Qarabağlar ətrafında böyük Orta əsr yaşayış yerlərinin, karvansaraların aşkar olunması onun tarixi ipək yolunun üzərində yerləşməsi ilə bağlıdır. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi edib. Şəhər, adından da göründüyü kimi, çoxlu bağ və yaşıllıqlarla örtülüb. Bəzi mənbələrin məlumatlarına görə şəhərin əsası XII əsrdə Şirvanşah Mənuçöhr tərəfindən qoyulub. Şəhərin Elxanilər dövründə (1258–1357) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar vardır. Maraqlıdır ki, Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir. Tədqiqatçılar türbənin ornamental xüsusiyyətlərinin Elxanilər dövründə formalaşdığını da qeyd etmişlər. Əlbəttə, türbənin xarici səthinin naxışlanmasında istifadə olunan ornamental motivlərin bir qismi yenidir və onlara Səlcuq memarlıq abidələrində rast gəlinmir. Lakin türbənin bəzəyində kökü min illər əvvələ bağlanan və müəyyən semantik məna ifadə edən ornamentlərdən də istifadə edilib. Belə ornamentlərdən biri doqquz və on iki guşəli ulduzlardır. Fikrimizcə, həndəsi ornamentlərin müxtəlif kombinasiyası doqquz və on iki guşəli ulduzların formalaşmasına xidmət edib. Ornament bəzəyində səkkiz bucaqlı həndəsi fiqurlar və səkkiz guşəli ulduzlar da yer alır.

  İstər səkkiz, istər doqquz, istərsə də on iki guşəli ulduzlar astral simvolika ilə əlaqəli olub, Azərbaycan ərazisində məskunlaşan ulu əcdadlarımızın dini inancları ilə bağlıdır. Ulu əcdadlarımız həmişə Göyə və Göy cisimlərinə sitayiş etmiş, onları müqəddəsləşdirmişlər. Aypara və səkkiz guşəli ulduzun birlikdə təsvirinin ən qədim nümunəsinə biz Lullubi hökmdarı Anubaninin daş kitabəsində rast gəlirik. Burada Tanrının başı üzərində ay və səkkiz guşəli ulduz təsviri vardır. Səkkizguşəli ulduz qadın tanrını simvolizə edib. Səkkiz guşəli ulduz təsvirləri Azərbaycandan, o cümlədən Naxçıvandan aşkar olunan qədim sənət nümunələri üzərində də vardır. Orta əsrlərdə simvolik bəzək nümunəsi kimi memarlığımızda geniş istifadə olan bu simvol ulu əcdadlarımızın inanclarını əks etdirir. Onlar Azərbaycan xalqının min illərdən bəri gələn birliyinin, bütövlüyünün və bərabərliyinin rəmzləridir.

  Çoxguşəli ulduzlar qədim Mesopotamiya sənətində isə  Tanrını simvolizə edib. Səma cisimlərinə, o cümlədən ulduzlara sitayiş monoteist dinlərdə də əks olunmuş, beş, altı, səkkiz, doqquz, onikiguşəli ulduzlar müxtəlif dinlərin, bəzən isə təriqətlərin simvolu olmuşdur. Şübhəsiz ki, doqquz, yaxud on iki guşəli ulduzlar əski inancların qalığı kimi Elxanilər dövrünə aid türk-monqol incəsənətində qorunaraq   qalıb. Şübhəsiz ki, Elxanilər dövrünün memarlıq abidələri yerli ustalar tərəfindən yaradılmışdı. Çünki ilk monqol basqınları zamanı iqtisadiyyat və mədəniyyəti dağıdan monqollar məhz türk tayfalarının, xüsusilə bu ərazidə çoxdan məskunlaşan türk-müsəlman tayfalarının təsiri ilə mənəvi nailiyyətləri və islamı mənimsədilər. Elxanilərdən xeyli əvvəl formalaşan Naxçıvan memarlıq məktəbi nümunələrində, eləcə də Əlincəqaladan aşkar olunan ornament nümunələri arasında çoxguşəli ulduzlara rast gəlinir. Doqquzguşəli və onikiguşəli ulduzların seçilməsi Elxanilər dövrü memarlığının özünəməxsus xüsusiyyəti hesab oluna bilər.

  Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Mütəxəssislər qoşa minarələrin XII əsrdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd edirlər. Qoşa minarələrin və baştağın müxtəlif dövrlərə aid olması, baş tağın minarələrə sonradan əlavə edilməsi aydın şəkildə seçilir. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə türbənin tikilmə tarixi Elxani hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyət illərinə (1319-1335-ci illər) aid edilir.

  Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə onikibucaqlının mərkəzində yaradılan orijinal quruluşa malikdir. Divarları daşdan, günbəzi isə kərpicdən inşa edilib. Ümumiyyətlə, qayaüstü təsvirlərdə, xalçalarımızda, tikmələrimizdə və memarlıq ornamentləri arasında rast gəlinən müxtəlif işarələr Azərbaycan xalqının qədim inamları ilə bağlıdır. Təsvirlərin müxtəlif formaları e.ə. VI-I minilliklərdə qədim Şərq, Azərbaycan mədəniyyətində istifadə olunub. Bu tip ornamentlər semantik anlamda dünyanın dörd tərəfinə tapınmanı simvolizə etmiş və Şərq mədəniyyətlərində İslamın qəbulundan sonra da istifadə olunmuşdur. Xristian dini də bu simvolu qədim Şərq mədəniyyətindən götürüb. Bu baxımdan türbənin sərdabə hissəsinin bu şəkildə həll edilməsi onun qədim ideologiya ilə bağlı olduğunu təsdiq edir.

  Bu ideologiya həmçinin türbənin yerüstü hissəsində öz əksini tapıb. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarım silindrdən ibarətdir. Yerüstü hissənin özünəməxsus xüsusiyyətlərindən biri dünyanın dörd tərəfinə- şimal, şərq, cənub və qərbə yönəlmiş dörd baştağın olmasıdır. Bu isə dünyanın dörd tərəfinə tapınma ilə bağlıdır. Azərbaycan əhalisi İslam dinini qəbul etsə də, bir çox islamaqədərki əski inancları da qoruyub saxlamışdı. Türbənin yerüstü hissəsində qədim və Orta əsr inanclarının sintezi özünü aydın şəkildə göstərir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Yarım silindrlərin üzərində içərisində ərəb əlifbası ilə ərəb dilində “Allahdan başqa Allah yoxdur, Məhəmməd – Allahın ona salavatı olsun- onun elçisidir!” sözləri həkk edilən romblar dəfələrlə təkrarlanır. Bu tip ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə olunub. Elə buna görə də tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə türbəsinin memarının eyni şəxs olduğunu qeyd edirlər. Bu bəzək elementindən Elxanilər dövrünə aid Olcaytu türbəsinin qülləsində, Orta İranda, Natanzda 1307-ci ildə inşa edilən məzar türbəsinin günbəzində, XVI-XVII əsrlərə aid Şeyx Səfiəddin kompleksində, Naxçıvan şəhərində XVIII əsrin əvvəllərində inşa edilən İmamzadə türbəsinin naxışlanmasında istifadə edilib. Bu memarlıq bəzəyinin uzun müddət – XIV əsrdən XVIII əsrədək davam etməsi, şübhəsiz ki, onun Naxçıvan memarlıq məktəbinə məxsusluğu və Səfəvilər dövründə də istifadə olunduğunu təsdiq edir. Lakin qeyd etməliyik ki, Qarabağlar türbəsi konstruksiyası ilə fərqlənir. Baş tağların səthi kaşılar vasitəsi ilə həndəsi və nəbati üslubda naxışlanıb. Türbənin gövdəsini təşkil edən yarım silindrlərin yuxarı hissəsində kaşılarla işlənmiş kitabələrin qalıqları saxlanıb. Ehtimal ki, bu kitabələr Qurani-Kərimdən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir. Qarabağlar türbəsi konusvari örtüyə malik olub. Mütəxəssislərin fikrinə görə bu örtük türbənin quruluşuna uyğun olaraq on iki yarım silindrin birləşməsi şəklində idi.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 4 iyul 2016-cı il tarixli Sərəncamına uyğun olaraq Qarabağlar Türbə Kompleksində aparılan bərpa işləri zamanı türbədə əks olunan qədim və orta əsr memarlıq elementləri, habelə abidənin memarlıq üslubu qorunub saxlanılıbdır.

                                                           (ardı var)

                                                                                                                                                Vəli Baxşəliyev

AMEA-nın müxbir üzvü

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: