Almaniya Bundestaqının nümayəndə heyəti Milli Məclisdə olub

248

Avqustun 25-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü olub.

NUHÇIXAN xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Xanlar Fətiyev ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. O, Almaniya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini deyib.

Görüşdə çıxış edən deputat Asim Mollazadə qeyd edib ki, cari ildə almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olunur. İllər əvvəl ölkəmizə köçmüş almanlar burada qardaşlıq, əmin-amanlıq şəraitində yaşayırlar. Milli Məclisin deputatı Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq söyləyib ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub.

Azərbaycanın demokrat inkişaf yolunu seçdiyini bildirən deputat insan azadlıqlarının qorunmasının ölkəmiz üçün çox vacib amil olduğunu qeyd edib.

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının sədr müavini Johann Vadephul səmimi görüşə görə təşəkkürünü ifadə edib. Diqqətə çatdırılıb ki, nümayəndə heyətinin tərkibində Bundestaqın bütün fraksiyalarının üzvləri təmsil olunublar. Qonaq bildirib ki, ölkələrimiz beynəlxalq müstəvidə, bir çox mötəbər təşkilatlarda, o cümlədən Avropa Şurasında əməkdaşlıq edirlər. O qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşıdır. Johann Vadephul vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, xüsusilə enerji sahəsində böyük nailiyyətlər əldə olunub. Bu, Almaniya şirkətləri üçün geniş imkanlar yaradır. Almaniya Bundestaqının üzvü bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli önəmli məsələdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Almaniya münaqişənin həlli istiqamətində səy göstərməyə hazırdır.

Söhbət zamanı parlamentlər arasında, o cümlədən dostluq qrupları səviyyəsində əlaqələrin inkişafı, ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Malik Həsənov, Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin üzvləri Barbara Hendriks, Armin-Paulus Hampel, Azad Demokrat Partiyası fraksiyasının sədr müavini Frank Sitta, Şərqi Avropaya doğru xarici siyasət üzrə fraksiyanın sədri Manuel Sarrazin, inkişaf siyasəti üzrə fraksiyanın sədri Helin Sommer və digər rəsmi şəxslər iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: