Avropa Kosmik Agentliyi (European Space Agency – ESA) Yer kürəsində iqlimin tədqiqi ilə məşğul olacaq “Aeolus” peykini uğurla orbitə çıxarıb.
NUHÇIXAN “belta.by” saytına istinadla xəbər verir ki, peyk orbitə Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan start götürən yüngül sinifli “Vega” raketdaşıyıcısı vasitəsilə çatdırılıb.
ESA-nın məlumatına görə, yeni orbital aparat planetdə küləyin sürətinin ölçülməsi üçün inqilabi lazer texnologiyalarından istifadə edəcək və atmosferin iş prinsipinin öyrənilməsində əsas rol oynayacaq. Bundan başqa, alimlər ümid edirlər ki, peyk Yer kürəsində havanı daha dəqiq proqnozlaşdırmağa imkan verəcək. Peykin fəaliyyətinə nəzarət agentliyin Almaniyanın Darmştat şəhərində yerləşən Avropa Uçuşların İdarəetməsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun öyrənilməsi məqsədilə yaradılan beynəlxalq təşkilatdır və 22 daimi üzvdən ibarətdir.