Naxçıvan üzümü Bakı bazarlarına çıxarılacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Nehrəm kəndində salınan 143 hektarlıq üzüm bağından bu ilk dəfə olaraq 15 ton məhsul yığılıb. Məhsulun Naxçıvan bazarları ilə yanaşı yaxın günlərdə paytaxt Bakı şəhəri və ölkənin digər bölgələrinə də göndərilməsi nəzərdə tutulur.
Bağda yerli süfrə sortları ilə yanaşı Türkiyənin məşhur “Sultaniyyə”, İtaliyanın “Viktoriya”, “Kordinal”, “Mişel paliyeri” və digərləri olmaqla 20-yə yaxın üzüm sortu əkilib. Xaricdən gətirilən üzüm sortları yüksək məhsuldarlığa malikdir və muxtar respublikanın kontinental iqlim şəraitinə uyğundur.
Toplanan məhsuldan kişmiş və mövüz də hazırlanır. Bağdan mövsümün sonuna qədər 250 tona yaxın məhsul gözlənilir. Yığılan məhsulun saxlanılması üçün 250 ton tutumu olan soyuducu anbar da inşa olunur.
Həmçinin burda plastik səbət istehsalı da həyata keçiriləcək. Hazırda inşaat işləri gedir. Burada 100-ə yaxın rayon sakini işlə təmin olunub. Digər sahələr də fəaliyyətə başladıqdan sonra təsərrüfatda 500-ə yaxın vətəndaş işlə təmin olunacaq. Gələcəkdə təsərrüfatda üzüm sirkəsi istehsalı sahəsinin də yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Nehrəm kəndi ərazisindəki üzüm bağı 2015-ildən 80 hektar sahədə salınıb. Sonradan isə bağın ərazisi 143 hektara çatdırılıb. Bağın payız və yaz aylarında 200 hektara çatdırılması nəzərdə tutulur.
Novruz Məmmədov