Bu gün “Qarabağ” play-off mərhələsində ilk oyununu keçirəcək

186

Bu gün “Qarabağ” komandası futbol üzrə Avropa Liqasının play-off mərhələsində ilk oyununa çıxacaq.

NUHÇIXAN  xəbər verir ki, Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmada “Şerif” Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubunu qəbul edəcək.

Hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub (0:0, 0:1).

“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən uzaqlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub.

Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” bugünkü oyuna itkilərlə çıxacaq. İnnosent Emeqara cəzalı, Dani Kintana zədəli olduğu üçün oynamayacaq. Eyni zamanda, kapitan Rəşad Sadıqov xəstələndiyi üçün son çalışmalarda iştirak etməyib. “Şerif”də isə heyətində heç bir problem yoxdur.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Şerif” (Moldova) – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Tiraspolda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.

Oyunun hakim inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: