Azərbaycan XİN Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

145

1993-cü il avqustun 23-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edib ki, işğal nəticəsində Füzuli sakinlərindən 657-si şəhid, 400-ü müharibə əlili, 181 nəfəri isə əsir və itkin düşüb: “Cəbrayıl rayonu da 400-ə yaxın şəhid verib və 177 nəfər müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxını rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. 79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki, Azərbaycanın müxtəlif guşələrində məcburi köçkün olaraq məskunlaşmağa məcburdur.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Füzuli və Cəbrayıl rayonlarında da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Füzuli şəhərinin yaxınlığında e.ə. III minilliyə aid Qaraköpəktəpə arxeoloji abidələri, Aşağı Veysəli kəndindəki XIII-XIV əsrlərə aid Mirəli türbəsi, Qarğabazar kəndindəki XVII əsrə aid məscid, karvansara və s. qeyd oluna bilər. Cəbrayıl rayonu ərazisində isə Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıntılara və talana məruz qalıb.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir. Bəzi fərdi hallar istisna olmaqla, ermənilərin heç zaman icma şəklində yaşamadığı Cəbrayıl rayonu ərazisində kilsənin tikilməsi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək və münaqişəyə dini don geyindirmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənilib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Horadiz şəhərindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə əməl edilməyib.

Yalnız Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin 5 yanvar 1994-cü il tarixindən etibarən həyata keçirdiyi əks-həmlə tədbirləri nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lalətəpə yüksəkliyinin işğaldan azad edilməsi və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraitinin təmin olunmasından sonra Azərbaycan hökuməti tərəfindən kəndin minalardan təmizlənməsi, yenidən qurulması və məcburi köçkünlərin şərəfli və ləyaqətli şəkildə kəndə geri qayıtması təmin olunub. Füzuli rayonunun işğaldan azad edilmiş hissələrində, Cocuq Mərcanlı kəndində Azərbaycan hökumətinin həyata keçirdiyi quruculuq işləri Azərbaycanın işğal edilmiş ərazilərin azad edilməsi, bərpa edilməsi və məcburi köçkünlərin şərəfli və təhlükəsiz şəraitdə geri qayıtmasının təmin olunması istiqamətində əzminin göstəricisidir.

Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: