İnsanlara nur bəxş edən böyük alim

71

Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli akademik, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın anadan olmasından 95 il ötür.

Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətləri barədə demişdir: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Müdriklərin fikrinə görə, insanın yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə ­xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı idealarla doğru istiqamətləndirmişdir.

Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Gənc yaşlarından fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə seçilən Zərifə Əliyeva tibb elmi ilə yanaşı, digər fənlərə də maraq göstərmiş, hərtərəfli biliyə malik həkim və xeyirxah insan kimi formalaşmışdır.

Qəlbi xeyirxahlıq və humanizm idealları ilə döyünən Zərifə xanım Əliyevanın oftalmologiya elmini seçməsi zərurətdən yaranmışdı. Çünki həmin dövrdə Azərbaycanda böyük bəlaya çevrilən traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün yox, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə-profilaktik tədbirlərin təşkilində fəal iştirak etmişdir.

Gözlərə nur bəxş etmək, dünya işığına həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusu ilə yorulmadan çalışan Zərifə xanım Əliyeva şərəfli həkimlik peşəsinə daha dərindən yiyələnmək üçün 1947-ci ildə Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir. İxtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olan görkəmli oftalmoloq müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasının işlənib hazırlanması ilə məşğul olmuşdur. O, elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinə və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadəyə həsr etmişdir.

1968-ci ildən başlayaraq Zərifə xanım məqsədyönlü şəkildə oftalmologiyanın digər problemləri, o cümlədən görmə orqanının patologiyası ilə ciddi məşğul olmağa başlamış, bu sahənin ilk təşəbbüskarı olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. O, peşə xəstəlikləri üzərində iş apararkən bila­vasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri müayinədən keçirmiş, genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarmışdır. Ümumiyyətlə, Zərifə xanımın bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatının nadir tədqiqatları sırasındadır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və onların profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun uzun illər bu sahədə apardığı genişmiqyaslı elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə fundamental tədqiqatlar həsr edən alim “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji təbiəti” kimi onlarla elmi məqalələr  və  monoqrafiyalar  da  çap     etdirmişdir.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri görkəmli oftalmoloq-alimin doktorluq dissertasiyasının əsas istiqamətini təşkil etmişdir. Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi yüksək qiymətləndirilmiş və 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru fəxri adı verilmişdir.

Zərifə xanım Əliyeva yazdığı sanballı əsərlərlə tibb elminə dəyərli töhfələr verməklə yanaşı, həm də bu sahədə bir çox yeniliklərin təşəbbüskarı kimi də tanınmışdır. 1977-ci ildə Zərifə xanımın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Plenumda görkəmli alimin irəli sürdüyü təklif bəyənilmiş və onun təşəbbüsü ilə 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılmışdır.

Zərifə xanım Əliyevanın elmi tədqiqatları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin tədqiqatlar bir sıra xəstəliklərin differensial diaqnostikasını və onun müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsait­ləri – “Herpetik göz xəstəliyi”, “Ağır virus konyiktivləri” bu gün də öz elmi əhəmiyyətini saxlamışdır. Qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini də tədqiq etmiş, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyalarını çap etdirmişdir. Alimin zəngin pedaqoji, elmi və əməli təcrübəsi isə “Oftalmologiyanın aktual məsələləri” mono­qrafiyasında öz əksini tapmışdır.

Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri də həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Zərifə xanımın çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdur. Onun 1983-cü ildə çapdan çıxmış “Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri də  bu baxımdan qiymətli ədəbiyyatdır. Həkim-xəstə münasibətinə xüsusi diqqət yetirən Zərifə xanım həmin kitabında yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını özünün əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır 

Zərifə xanımın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə və görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə isə görkəmli oftalmoloq-alim Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Bununla yanaşı, o, geniş ictimai fəaliyyətinə görə keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuş, bir sıra orden və medallara layiq görülmüş, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adını almışdır.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olub. Ümummilli liderimiz bu barədə deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədiyaşayacaqdır”.

Görkəmli alimin Vətənə, doğma xalqına olan məhəbbəti, bu torpaqda yaşamaqdan duyduğu qürur Azərbaycanı daim gözəlləşən, yüksələn görmək arzuları ilə vəhdət təşkil edirdi. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirməklə Azərbaycanı sürətli inkişaf və tərəqqi yoluna çıxarmışdır.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə olacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Zərifə ­xanımın həyatda əsas amalı həkimlərimizi bilikli və peşəkar, millətimizi sağlam və gözü nurlu görmək idi. Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Xalqımızın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti bu gün də – ölkə­mizin müstəqillik şəraitində yaşadığı dövrdə də hər bir alimin və Hippokrat andını içmiş hər bir həkimin cəmiyyətdə oynamalı olduğu rola parlaq nümunədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: