Çəkilən zəhmətin görülən bəhrəsi – ailə təsərrüfatları

262

Muxtar respublikamızda özünüməşğulluğun stimullaşdırılması və onun səmərəliliyinin yüksəldilməsi, eyni zamanda kənd yerlərinin inkişafının  sürətləndirilməsinə şərait yaradan ailə təsərrüfatlarının inkişafı üçün münbit şərait mövcuddur. Təsadüfi deyil ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının sayı kifayət qədərdi.

“Ailə kəndli təsərrüfatı haqqında 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu”nda göstərilir ki, ailə kəndli təsərrüfatı –ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi, mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsidir. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, onun ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə təsərrüfatı ailə üzvlərinin iştirak etdiyi, idarəçiliyin və varisliyin ailə ənənələri ilə həyata keçirildiyi biznes modelidir. Bu cür biznes modelinin yaradılmasının bir çox müsbət tərəfləri var.

NUHÇIXAN xəbər verir ki, hazırda muxtar respublikamızda minə yaxın ailə təsərrüfatı vardır ki, onların da 200-ə yaxını iri təsərrüfatçı hesab olunur. Muxtar respublikanın ən böyük rayonlarından olan Babəkdə də  ailə təsərrüfatlarının inkişafı üçün əlverişli imkanlar mövcuddur və bu imkanlardan istifadə edərək rayonda öz ailə biznesini quran təsərrüfat sahibləri bu gün uğurla fəaliyyət göstərirlər.

Rayonun Nehrəm kəndində fəaliyyət göstərən “Xalaoğlu” kəndli-fermer təsərrüfatı da fəaliyyətini verilən güzəştli kreditlər hesabına xeyli genişləndirib. Müəssisə süd məhsullarının emalına başlayandan bəri alıcıların rəğbətini qazanıb. Hazırda bu müəssisənin məhsullarına olan tələbat böyükdür. Bir faktı da qeyd edək ki, müəssisə təkcə bir istiqamətdə deyil, çoxşaxəli fəaliyyətə üstünlük verir. Hazırda təsərrüfatda 120 başdan artıq qaramal və 20 minə yaxın ətlik quş saxlanılır. “Xalaoğlu” əmtəə nişanı ilə 5 çeşiddə süd məhsulları, ətlik broyler istehsal edən bu təsərrüfat biznesdə zəhmət çəkib yaxşı nəticəyə çatmaq istəyənlər üçün gözəl örnəkdir. Müəssisədə yeni istehsal sahəsi də qurulub ki, yaxın günlərdə süd məhsullarının qablaşdırılmasında istifadə olunan taralar da burda hazırlanacaq. Bunun üçün artıq lazım olan avadanlıqlar da quraşdırılıb və nümunə üçün taralar hazırlanıb.

Rayonun Hacıvar kəndində də bir çox ailə təsərrüfatı fəaliyyət göstərir. Belə təsərrüfatlardan biri də İlqar Mirzəyeva məxsusdur. Bu ilin may ayından fəaliyyətə başlayan təsərrüfatçı süd məhsullarının istehsalı ilə məşğul olur. Müəssisə fəaliyyətə başladığı ilk dövrlərdə 2 çeşiddə məhsul istehsal edirdisə hazırda bu say 9-a çatdırılıb.  Həmçinin sahibkarın heyvandarlıq təsərrüfatı da var ki, müəssisəyə lazım olan süd məhz bu təsərrüfatdan əldə edilir.

Muxtar respublikada ailə-fermer təsərrüfatlarının sayı getdikcə artır. Buna səbəb bir tərəfdən  fermerlərin texnika və avadanlıqlarla təminatı, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi,  istehsal olunan məhsulların bazara çıxışı və üzləşdikləri digər çətinliklərin  optimal müddətdə həllini tapmasıdır. Digər tərəfdən isə çəkilən zəhmətin nəticəsinin verdiyi bəhrədir. Bu gün hər kəs öz bacarığını ailə təsərrüfatları yaratmaqla ortaya qoyarsa, həm məşğulluğun sayı artar, həm də ənənəvi üsullarla hazırlanan məhsullar öz keyfiyyəti, dadı ilə az bir vaxtda geniş şöhrət qazanar. Bunun üçün vətəndaşlardan yalnız təşəbbüs göstərmək qalır. Çünki dövlət səviyyəsində bu iş birmənalı şəkildə dəstəklənir.

                                                                         Orxan Əzimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: