Ermənistanda iqtidar-müxalifət qarşıdurması güclənir

212

Ermənistanın baş naziri Nikol Paşinyanın Yerevanda keçirdiyi mitinqdən sonra ölkə parlamentində əsas müxalifət fraksiyası olan Respublikaçılar Partiyasının deputatları hökumətin daxili və xarici siyasətini kəskin tənqid ediblər.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, baş nazirin öz sələflərini Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gizli danışıqlarda ittiham etməsi müxalifətin kəskin etirazına səbəb olub. Deputat Armen Aşotyan jurnalistlərə müsahibəsində qeyd edib ki, əlində bu məsələyə dair ölkənin sabiq prezidentlərinə qarşı sübutlar olduğunu iddia edən Paşinyan daha səmimi olmalı, həmin sənədləri ictimaiyyətlə paylaşmalıdır. Parlamentin üzvü vurğulayıb: “Bu taleyüklü problemə düşünülməmiş yanaşma tərzi və populizm yolverilməzdir. Mən “bu cinin dərhal şüşədən buraxılması” və Paşinyanın Levon Ter-Petrosyanın prezidentlik dövründən başlayaraq Qarabağ ətrafında danışıqlar prosesi haqqında məlumatları ictimaiyyətlə paylaşmasını gözləyirəm və tələb edirəm”.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Paşinyanın mitinqdə müxalifətə qarşı səsləndirdiyi təhdidlərə cavab verib. Onun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu yüz gün müddətində görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməklə kifayətlənib. Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır. Parlamentin vitse-spikeri baş nazirə müraciətlə deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin”.

Respublikaçılar Partiyasını təmsil edən deputatlar yeni hökuməti söz azadlığını pozmaqda, baş nazirin maraqlarını dövlət maraqlarından üstün tutmaqda, məhkəmələrdə siyasi sifarişlər əsasında saxta proseslər təşkil etməkdə ittiham edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: