NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. Təhsil naziri Rəhman Məmmədov bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə tapşırılıb. Vurğulanıb ki, muxtar respublikada tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemin ilə təmin olunub. Nəticədə payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyəti təmin edilib. 2018-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla 239 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 85 faizi istilik sistemi ilə işləyirdisə, bu il müvafiq göstərici 91 faiz təşkil edəcək.
Qeyd olunub ki, təhsil nazirliyi və aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrin yeni tədris ilinə hazırlığı ilə bağlı reydlər aparılıb. Təhsil müəssisələrinin binalarının saxlanılması vəziyyəti ilə yanaşı, istilik sistemlərinin mövcud vəziyyəti də araşdırılıb, bir sıra nöqsanlar aşkar edilib. Hazırda mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Sonra təhsil şöbələrinin müdirləri payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
Adilə Səfərova