Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2018-ci ilin iyul ayına qədər muxtar respublikanın muzeylərini 15 mindən çoxu əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 47 min tamaşaçı ziyarət edib. Bu dövrdə muzeylərə 243 yeni eksponat daxil olub. Muxtar respublika kitabxanalarında 62 tədbir keçirilib, 35 sərgi açılıb. Kitabxanalara yeni oxucu gəlişi 195, müraciət edən oxucuların sayı isə 103 min 40 nəfər olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 135-ci teatr mövsümünün başa çatması ilə bağlı tədbir keçirilib, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunub. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ağbulaq İstirahət Mərkəzində “Qoğalın sərgüzəşti” və “Qırmızı papaq” tamaşalarını məktəblilərə göstərib, Ordubad Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasını nümayiş etdirib.