Valideyn-uşaq əlaqəsi və ünsiyyəti

687

İslam aləminin tanımış simalarından olan pakistanlı ziyalı  Məhəmməd İqbal yazırdı: “Mənə yeni və yaxşı ata-analar verin, dünyanı yenidən inşa edim”.

Sözsüz ki, bir cəmiyyətin inkişaf etməsinin əsas şərtlərindən biri uşaqların düzgün təlim-tərbiyə ilə böyüdülməsidir. Hər uşaq bir sənətdir. Hər uşaq ayrı bir dizayndır. Hər uşağa xas ayrı bir yetişdirmə üsulu var. Hər uşaq öz fərqliliyi ilə xüsusi və özünəməxsusdur.

Valideyn və uşaq  düzgün ünsiyyəti necə qura bilər? Bu gün cəmiyyəti maraqlandıran mühüm məqamlardan biri kimi bu məsələyə aydınlıq gətirmək istədik.  Ata-ana-uşaq əlaqəsi və ünsiyyəti bir uşağın xarakter əlamətlərinin təməlini qoyur. Bu təməl uşağın bütün həyatına böyük təsir göstərir. Ana və uşaq əlaqəsi təbii ki,  uşağın “mənlik” duyğusunu formalaşdırır. Uşaq ilk dəfə anası ilə mimika və jestlərlə ünsiyyət qurur. Uşaq bu vasitə ilə anadan doğru və yanliş olanı  öyrənməyə başlayır. Körpənin  1 yaşına qədərki vaxtında hissi və bioloji ehtiyaclarını ödəyən valideynlər uşağa “biz sənin yanındayıq” mesajını verərək onda qorxunu dəf edən güvən hissinin təməlini qoyurlar. Eyni zamanda onda “mən dəyərliyəm” duyğusunu yaradırlar. Körpələr böyüdükcə onlarda yaranan depressiya və digər duyğu pozğunluqlarının əsas səbəbi uşaqlıqda yaradılmayan və ya yetəri qədər tamamlanmayan özünəsevgi, özünəinam hisslərinin çatışmazlığıdır.

  Uşaqlarda özünəinam hissi necə inkişaf etdirilməlidir?

Uşaqlarda özünəinamla, özünü bəyənmə  eyni şey deyil. Özünəinamı olan insan özündə təkcə müsbət xasiyyətlərini görmür, eyni zamanda mənfi xüsusiyyətlərinin də fərqində olur. Özünəinam yaratmaq üçün uşağa kiçik bacarıqlarının ortaya çıxmasına fürsət verilməlidir. Uşaq bir yerə, məsələn, divana çıxmağa çalışarkən  bunu özünün bacarmağı üçün ona imkan yaradılmalıdır. Şərq ailələrində bunu görən ana-ata tez uşağı qaldırıb çıxmaq istədiyi yerə  qoyur. Uşaq məqsədinə çatır, amma “mən bacardım” deyə bilmir. Uşağın o divana özü çıxıb “mən bacardım” hissini yaşaması lazımdır ki, onda özünəinam duyğusu yaransın. Uşaq divana çıxmağa çalışarkən valideynlər uşağın  yıxılıb zədələnməsindən qorxurlar. Bu məqamda edilməsi lazım gələn, uşağın yanında durub ona güvən hissinin verilməsidir. Bu halda uşaq valideyndən aldiğı güvən hissi ilə, “mən bacardım” duyğusunu daha rahat yarada bilir. Bu isə özünəinam hissinin güclənməsinə kömək edəcək. Qərb ölkələrində belə hallarda uşağı tamamilə sərbəst buraxıb yıxılmasına da icazə verilir. Bu halda uşaqda özünəinam hissi yaranır, amma  valideyn- övlad əlaqəsi zəifləyir.

Ana bətni uşaq üçün ən rahat və güvənli yerdir. Buna görə də uşaq doğularkən ilk öyrəndiyi hiss qorxu olur. Ana uşağa güvən hissini verərək qorxu hissinin aradan qaldırılmasına kömək edir. Ona görə də bir yaşına qədər ana və uşaq əlaqəsi çox vacibdir.

“Mən yaxşı valideynəm”- deyən insanlar var ki, uşağın hər istədiyini edir. Buna yaxşı valideynlik demək olmaz. Valideynlik  uşağı hər an xoşbəxt etmək demək deyil, uşağı həyata hazırlamaqdır. Uşağın hər istədiyini etmək onu “acgöz” edir. Sevgini verərkən qədərini və yetərliliyini yaxşı ölçmək lazımdır.

Uşaqlar ilk dönəmlərdə təmasla toxunub öyrəndikləri üçün, hər şeyi töküb dağıdırlar. Əslində isə onlar bununla ətraf aləmləri haqqında məlumat əldə etməyə çalışırlar. Uşaqlara ətrafındakı əşyalara toxunmağa çox məhdudiyyət qoyularsa, onlar öyrənə bilməzlər. Bəzən çox “olmaz” deyən valideynlərin uşaqları içinə qapanıq və səssiz olurlar. Bu da uşaqda özünəinam hissinin az olduğunun bir göstəricisidir.

Bəzən isə valideynlər uşağın çox dəcəl olduğundan şikayət edir. Hər zaman olmasa da, çox vaxt uşaqlar yetəri qədər diqqət almadıqları üçün dəcəllik edib, diqqət çəkmək istəyirlər. Yəni uşaq “məni gör” deyir .  6 yaşa qədər olan  uşaqlar  özünü kəlmələrdən çox, hərəkətləri, davranışları ilə ifadə edir. Bunun üçün də valideyn uşağın davranışlarının  nə məna verməsi haqda düşünməli, araşdırma içərisində olmalıdır.

 

Günay Hüseynquliyeva

Uşaq pedaqoqu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: