Çağdaş dünyamızın mürəkkəb və ziddiyyətli prosesləri fonunda müstəqil dövlət quruculuğu böyük zəhmət və uzaqgörənlik tələb edir. Azərbaycan təcrübəsi bu baxımdan digərləri üçün nümunədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Prezident İlham Əliyev həmin kursu daim inkişaf etdirir və şəraitə uyğun olaraq yeniliklər həyata keçirir. Mütəxəssislər bu kontekstdə Azərbaycanda keyfiyyətcə yeni inkişaf modelinin reallaşdırıldığı qənaətindədirlər. Bu barədə Baş nazir Novruz Məmmədov hökumətin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasında fikir ifadə edib. Azərbaycan müstəqil dövlət quruculuğunun bütün istiqamətlərində əldə etdiyi nailiyyətləri davam etdirir və yeni keyfiyyətli inkişaf modelinin reallaşdırılmasına başlanıb. Bu prosesin daxili və xarici siyasət aspektlərində bir sıra mühüm məqamlarının geniş təhlilinə zərurət var.
Milli dövlət quruculuğu: tarixi reallıqlar və müasir şərtlər
Müasir mərhələdə sürətli geosiyasi proseslər gedir. Dünya üzrə intensiv dəyişikliklər baş verir və bu, demək olar ki, bütün sahələri əhatə edir. Qlobal transformasiya trendləri müstəqilliyini əldə etmiş dövlətlər qarşısında milli dövlətçiliyi dayanıqlı olaraq inkişaf etdirmək kimi mühüm strateji vəzifə qoyur. Təsadüfi deyil ki, tanınmış mütəxəssislərin fikrincə, müstəqilliyinə nail olmuş ölkələrin heç də hamısında müstəqil dövlət quruculuğu prosesi uğurlu olmayıb.
Cənubi Qafqaz da qlobal geosiyasi trendlərdən kənarda qala bilməz. Bu coğrafiyadakı hər bir dövlət onların təsirlərini öz üzərində hiss edir. Bu kontekstdə Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun inkişafı məsələsi aktuallıq kəsb edir. İyulun 26-da “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasda Baş nazir Novruz Məmmədov məsələnin bu aspektini xüsusi vurğulayıb. Baş nazir tədbirdəki çıxışı zamanı ifadə edib: “Son illərdə Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə böyük işlər görülür”.
Bu fikrin üzərində geniş dayanmağa ehtiyac duyulur. Sirr deyil ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi dinamikaya malik regionda davamlı inkişaf kursu hazırlayıb həyata keçirmək asan məsələ deyil. Lakin ulu öndər Heydər Əliyev keçən əsrin 90-cı illərində mükəmməl bir inkişaf konsepsiyası və onu reallaşdırmaq üçün təkmil praktiki proqramlar işləyib hazırladı. Nəticədə, Azərbaycan öncə dövlətçiliyə olan sui-qəsdləri uğurla dəf etdi. Paralel olaraq “Əsrin müqaviləsi” adlanan tarixi layihənin həyata keçirilməsi qarşısında duran bütün əngəlləri də aşdı.
Qısa müddətdə Azərbaycanda müstəqil dövlət quruculuğu kursu ilə ölkənin bütün sahələrində islahatlar yolu ilə davamlı inkişafı xətti arasında sıx harmoniya yaradıldı. Bu tezisin mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqil dövlət quruculuğunda əldə edilən bütün nailiyyətlər həm dövlətçiliyin tədrici güclənməsinə, həm də insanların rifah halının yüksəlməsinə xidmət etməyə başladı. Dövlətin inkişafı insanın inkişafı oldu və əksinə, hər bir vətəndaş dövlətçilik naminə fəal çalışmaq üçün yetişdirildi.
Bütün bunlar Azərbaycanda sosial-siyasi və iqtisadi sabitliyə səbəb oldu. Bu kursu Prezident İlham Əliyev son 15 ildə böyük uğurla inkişaf etdirir. Yəni hər şeydən öncə, dövlət başçısı varislik prinsipinə ciddi əməl edir. Ulu Öndərin yaratdığı kursdan kənara çıxma yoxdur. Eyni zamanda, müasir dünyamız sürətlə dəyişdiyindən, inkişaf modeli də təkmilləşməli, müasir tələblərə cavab verməlidir. Məhz bu aspektdə Prezident İlham Əliyev sözün həqiqi mənasında uzaqgörən və müdrik dövlət başçısı kimi özünü tam təsdiq etməkdədir. Bunun bariz nümunəsi Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasıdır.
İnkişaf modelinin yeni mərhələsində əsas faktor kimi insan kapitalı götürülür. İnsanın inkişafı naminə böyük və sistemli proqramlar həyata keçirilir. Azərbaycanda reallaşan hər bir inkişaf proqramı cəmiyyətin tərəqqisinə xidmət edir. Burada sosial, siyasi, iqtisadi, mədəni, elm, təhsil və s. sferaların hər biri bir-biri ilə uyğunlaşdırılmış formada inkişaf etdirilir. Daxili və xarici siyasət bir-birini üzvi şəkildə tamamlayır.
Beynəlxalq təşkilatların hesabatları: davamlı yüksəlişi təsdiqləyən faktlar
Prezident İlham Əliyevin yeni keyfiyyətli inkişaf modeli strateji hədəflərinə, əhatə dairəsinə, məzmununa və konkret reallaşma mexanizminə görə bitkindir. Mütəxəssislər məsələnin bu tərəfinə xüsusi vurğu edərək belə nəticə çıxarırlar ki, Azərbaycan iqtisadiyyatının yeni yüksəliş mərhələsi başlayır. Bu proqnostik tezisə beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer almış qiymətləndirmələr kontekstində yanaşanda, onun əsaslı olduğu qənaəti əldə edilir.
Məsələn, tanınmış “Moody’s” agentliyinin son hesabatında göstərilir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə isə 3 faiz artacaq. İndiki mürəkkəb geosiyasi və iqtisadi vəziyyət şəraitində 1,5 faiz artım yüksək göstəricidir. Çünki həm dünya miqyasında iqtisadi-maliyyə böhranı davam edir, həm də böyük dövlətlər arasında əsl iqtisadi müharibə başlayıb. Bundan əlavə, gələn il üçün Azərbaycanda iqtisadi yüksəlişin bu ilkindən 2 dəfə çox olmasının proqnozlaşdırılması birbaşa dövlətin həyata keçirdiyi inkişaf kursunun perspektivinə beynəlxalq mütəxəssislərin də böyük inamının olmasının ifadəsidir.
Onu vurğulayaq ki, Cənubi Qafqazda başqa heç bir ölkə üçün belə bir proqnoz verilmir. Ermənistanda ən yaxşı halda durğunluq gözlənilir, Gürcüstanın, ümumiyyətlə, sosial-iqtisadi vəziyyətinin necə olacağı məlum deyil (iqtisadi müharibə və Rusiya ilə münasibətlərin pis olması bu ölkəni çox həssas məqama gətirib). Bizim regiona çox yaxın olan Rusiya, Türkiyə və İran da güclü sanksiyalar altındadırlar. Rusiyanın inkişafı çox zəifdir, İranda inkişafdan danışmaq risklidir, Türkiyə isə 2018-ci ildə 7 faiz yüksəliş proqnozlaşdırır, lakin 2019-cu ildə bu rəqəmin 3-4 faiz olacağı gözlənilir. Yəni regionun böyük dövlətləri içərisində ən sürətlə inkişaf edəni Türkiyədir, ancaq onun da sürəti gələn il 2 dəfə azala bilər.
Bu müqayisələr göstərir ki, regionda yalnız Azərbaycan artan templə inkişaf yolundadır. Bəs bunun səbəbi nədir? Əlbəttə, ölkə rəhbərinin yeni keyfiyyətli inkişaf modelini hazırlayıb reallaşdırması başlıca səbəbdir. Buradan aydın görünür ki, müasir mərhələdə müstəqil dövlət qurmaq olduqca böyük zəhmət, bilik, səriştə və siyasi iradə tələb edir.
Bu kontekstdə “Moody’s” agentliyinin son hesabatında yer almış bir fikri xatırlamağa dəyər. Agentlik yazır ki, 2016-cı ildə neftin qiyməti orta hesabla 44 dollar səviyyəsində olubsa, 2017-ci ildə bu rəqəm 54 dollar təşkil edib. Bu dəyişikliyin fonunda Azərbaycan milli valyutanın sabitliyi və inflyasiyanın azalması sayəsində iqtisadi inkişaf tempini tədricən bərpa edib. Gələn il üçün iqtisadi yüksəlişin 2 dəfə artması isə bir tərəfdən neft məhsullarının qiymətinin yüksəlməsi ilə əlaqəlidirsə, digər tərəfdən, Azərbaycan məhsullarının ixracının artması ilə bağlıdır.
Yəni tanınmış beynəlxalq agentliyin proqnozları arxasında ciddi elmi və faktiki araşdırmalar dayanır. Deməli, yeni keyfiyyətli inkişaf modeli Azərbaycanda 2019-cu ildə də sosial və siyasi sabitliyin mövcud olmasını tam təmin edəcək. Çox qarışıq geosiyasi, siyasi və sosial-iqtisadi proseslərin getdiyi bir zamanda bu, olduqca əhəmiyyətli bir faktdır.
Məsələ ondan ibarətdir ki, ixracatı artırmaq hər müstəqil dövlətə müyəssər olmur. Çünki dünya bazarında rəqabət çox güclənib. Hətta böyük iqtisadi potensiala malik ölkələrin sırasında belə idxalı ixracatından artıq olanlar vardır. Azərbaycanda isə son 2 ildə həyata keçirilən islahatların əsas istiqamətləri sırasında (iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək) ixrac imkanlarını genişləndirmək də olub. Bunun əsasında keçən müddətdə Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənib.
Nümunə kimi deyə bilərik ki, yalnız 2017-ci ilin yanvar ayından 2018-ci il iyunun 30-dək “Azexport.az” portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon dollar təşkil edib. Bu, o deməkdir ki, son illərdə dünya bazarlarına çıxan Azərbaycan məhsullarına tələbat artır. Artıq Azərbaycanda istehsal edilən məhsullar çox sayda ölkədə ticarət evlərində satılır. Burada bir məqamı da ayrıca qeyd etmək gərəkdir.
Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsasını qoyan bir neçə sənəd imzalayıb. Məsələn, 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam, 1 mart 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman verilib. Bu kimi tədbirlər öz səmərəli bəhrəsini verməkdədir. Belə ki, 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib. Bu siyahıda pomidor, qızıl, elektrik enerjisi və digər vacib məhsullar yer alıb.
Bu kimi nikbin proqnozlar başqa tanınmış beynəlxalq reytinq agentliklərinin hesabatında da yer alıb. Məsələn, “Standard & Poor’s” reytinq agentliyi yeni hesabatında göstərir ki, Azərbaycan iqtisadiyyatı qarşıdakı 3 il ərzində, hər il orta hesabla 3 faiz artacaq. Ayrıca, 2019-2020-ci illərdə Azərbaycanda ÜDM istehsalının artımının 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb. Ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 2019-cu ildə 2,5 faiz artacağı gözlənilir.
“Standard & Poor’s” hesabatında onu da vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə dəqiq əməl edir. Deyək ki, “Şahdəniz” qaz kondensat yatağının hazırlanmasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da planlaşdırılmış qrafikə uyğundur. Həmin əsasda agentlik proqnoz verir ki, növbəti 4 ildə Azərbaycanın qaz ixracı artacaq.
Beynəlxalq agentliklər Azərbaycanda həyata keçirilən inkişaf modelinə geniş kontekstdə baxırlar. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda sosial və siyasi vəziyyəti araşdırıb və maraqlı nəticələr əldə edib. Bu təşkilatın proqnozuna görə, Azərbaycanda müşahidə olunan geniş sosial və siyasi sabitlik yaxın perspektivdə də davam edəcək. Agentliyin mütəxəssisləri əmindirlər ki, ölkəmizdə makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəbləri sırasında manatın sabit məzənnəsinin mövcud olması da göstərilir. Maraqlıdır ki, Azərbaycanda dollarlaşma səviyyəsi də azalır. “Fitch Ratings”in məlumatına görə, ölkədə depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə enib.
Nəhayət, Rusiyanın AKRA reytinq agentliyinin 2018-ci ildə hazırladığı hesabatda da Azərbaycanla bağlı müəyyən araşdırmalar yer alıb. Bu agentliyin hesabatında göstərilir ki, Azərbaycan iqtisadiyyatında bu il 1,5 faiz artım gözlənilir. 2022-ci ildə isə ÜDM 3,2 faizədək artmalıdır. Bundan başqa, bütövlükdə Azərbaycan iqtisadiyyatı 2017-2018-ci illərdə xaricdə daha fəal mövqe tutub. 2018-ci ilin ikinci yarısında da ölkə sənayesinin xammal hissəsində canlanma davam edəcək. Bu prosesə Cənub Qaz Dəhlizi sisteminin təsiri güclü olacaq.
Beynəlxalq reytinq agentliklərinin yuxarıda vurğulanan informasiyaları Azərbaycanda real mövcud olan sosial-iqtisadi və siyasi vəziyyəti əks etdirməklə yanaşı, bütövlükdə yeni inkişaf modelinin perspektivləri haqqında da müəyyən proqnozlar verməyə imkan yaradır. Məsələnin bu tərəfi dövlətçiliyimiz aspektində çox önəmlidir. Çünki indi istənilən ölkə üçün strateji fəaliyyət kursu səmərəli olmasa, çox təhlükələr meydana çıxa bilər. Bu baxımdan inkişafın Azərbaycan modelinin gələcəyi aktual məsələdir. Həmin bağlılıqda ölkənin dinamik təkamül modelinin bir sıra aspektlərinə nəzər salaq.
Yeni mərhələ: dinamik təkamül modelinin bir sıra xüsusiyyətləri
İlk növbədə, real faktları əks etdirən rəqəmlərə müraciət edək. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların tarazlı inkişafına nail olunub. Bu fakt ölkənin potensialının daha da yüksəlməsinə güclü təkan verib. Son 6 ayın göstəriciləri işığında bu fikrin doğruluğu tam təsdiq olunur. Bu müddətdə ümumi daxili məhsul 1,3 faiz artıb. Qeyri-neft sektorunun artımı 2 faiz təşkil edib. Ümumilikdə, sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi isə 8,8 faiz artıb. Kənd təsərrüfatının inkişafı 7,6 faiz olub. Xarici ticarət dövriyyəsinin artımı 35 faizdir. İxrac 34 faiz artıb.
Ölkə iqtisadiyyatına qoyulan sərmayə də ürəkaçandır – 6 milyard ABŞ dolları! İnflyasiyanın 3 faiz olması fonunda əhalinin pul gəlirləri 9,3 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 2017-ci ildə 42 milyard ABŞ dolları idisə, son 6 ayda 44,3 milyard ABŞ dolları həcmi təşkil edib! Son 15 ildə isə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Cənub Qaz Dəhlizi və TANAP-ın rəsmi açılışı baş tutub. Limanın istifadəyə verilməsi Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda növbəti böyük hadisədir.
Bütün bunları nəzərdə tutaraq Novruz Məmmədov Nazirlər Kabinetinin sözügedən iclasında vurğulayıb ki, Azərbaycan rəhbərliyi iqtisadi sahədə çox böyük işlər görüb. Belə ki, sosial və iqtisadi infrastruktur quruculuğu uğurla aparılır. Özəl sektor inkişaf edir. Sənayeləşmə sürətlə aparılır və eyni zamanda, aqrar sektorun istehsal və ixrac imkanları genişləndirilir. Bütövlükdə makroiqtisadi sabitlik təmin olunub və əhalinin rifah halı davamlı olaraq yaxşılaşır.
Yuxarıda vurğulanan məqamların fonunda Nazirlər Kabinetinin iclasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş yol xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsinin aparılması çox maraqlı və aktualdır.
Hər şeydən öncə, bu, onu bir daha təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu və islahatlar proqramları dərindən, sistemli və dəqiq işlənmiş xətt üzrə həyata keçirilir. Dövlət başçısı bu və ya digər mərhələdə nəyin həyata keçirilməli olduğunu zərgər dəqiqliyi ilə müəyyən edib. Strateji Yol xəritələrinin davamlı şəkildə həyata keçirilməsi ölkənin böhranlar dövründə belə sürətli inkişafını təmin etməyə imkan yaradır. Bu, Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icra vəziyyəti ilə bağlı illik monitorinq və qiymətləndirmə hesabatına dair nəticələrdən də aydın görünür. Yol xəritəsində hədəflər üzrə müəyyən edilən işlərin icrası yaxşı vəziyyətdədir. Buna görə də iclasda vurğulanıb ki, strateji yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına töhfə verəcək.
Azərbaycan xarici siyasət sahəsində də böyük uğurlar qazanıb. Dünyanın böyük dövlətləri Bakını etibarlı tərəfdaş kimi qəbul edirlər. Azərbaycanın əməkdaşlığı qarşılıqlı inama əsaslanır. Bir-birinin ardınca reallaşan nəhəng layihələrdə dünyanın bir çox ölkəsi iştirak edir. Bu proses getdikcə daha çox dövlətin Azərbaycanla əməkdaşlığa can atması ilə müşayiət olunur. Təbii ki, bütün bu nailiyyətlərin memarı Azərbaycan Prezidenti İlham Əliyevdir.
Dövlət başçısı ölkəni beynəlxalq münasibətlərin tamhüquqlu üzvünə çevirib. Bunun üçün böyük diplomatik fəallıq göstərilib və konkret proqramlar həyata keçirilib. Prezident İlham Əliyev son 7 ayda 6 ölkəyə səfər edib. Ölkə rəhbəri 6 dövlət və 4 hökumət başçısı ilə qarşılıqlı münasibətlərə dair müzakirələr aparıb və konkret müsbət nəticələr əldə edib. İlham Əliyev həmin müddətdə 40-dan çox beynəlxalq təşkilat və şirkət rəhbərləri ilə görüşlər keçirib. Onların sırasında ilin əvvəlində Davos Forumunda Prezidentin iştirakı, seçkidə qələbədən dərhal sonra Türkiyə və Böyük Britaniyaya olduqca səmərəli səfərləri, İtaliya Prezidentinin tarixdə ilk dəfə Azərbaycana səfər etməsi və əhəmiyyətli müzakirələrin aparılması kimi vacib hadisələri ayrıca vurğulamaq olar.
Məlumdur ki, Azərbaycanın xarici siyasətində ölkənin ərazi bütövlüyünün bərpası prioritet istiqamətlərdəndir. Yeni inkişaf modelinin xarici siyasətlə bağlı hissəsində həmin problemin aktuallığı saxlanılıb. Azərbaycan rəhbərliyi qətiyyətlə milli dövlətçiliyi müdafiə edəcək və təcavüzkarın işğal etdiyi torpaqlarımızdan çıxarılması üçün fəallığını yeni səviyyəyə yüksəldəcək. Prezident İlham Əliyev bununla bağlı fikirlərini dəfələrlə ifadə edib. Dövlət başçısı Azərbaycanın kimsənin torpaqlarında gözünün olmadığını vurğulamaqla yanaşı, kimsəyə də Azərbaycan ərazisində başqa dövlət yaratmağa imkan verilməyəcəyini bəyan edib.
Bütün bunlar Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə təkan verir. Prezident İlham Əliyev öz müdrik, dərindən düşünülmüş siyasəti ilə müstəqil Azərbaycanı yeni zirvələrə doğru aparacaq. Azərbaycan xalqı öz Prezidentinin daim arxasındadır.
Dünya rəsmi Bakının səsinə indi daha diqqətlə qulaq asır. Azərbaycan dövlətinin regional və qlobal problemlərin həllində çəkisi getdikcə artır. Baş nazir Novruz Məmmədovun yuxarıda vurğulanan fikirləri bu kontekstdə ekspertlərin ciddi marağına səbəb olub. Şübhəsiz ki, Azərbaycan hökumətinin başçısı Prezidentin qarşıya qoyduğu vəzifələri bundan sonra da var gücü ilə yerinə yetirməyə çalışacaq.
Newtimes.az