Nehrəm kəndində yeni istehsal sahəsi yaradılır
Muxtar respublikanın kəndlərində yerli xammala əsaslanan müəssisələr qurulur. NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatında plastik tara istehsalı sahəsi yaradılır.
Dövlət maliyyə dəstəyi ilə yaradılan müəssisənin qurulması üçün xaricdən avadanlıqlar gətirilib. Hazırda həmin avadanlıqlar quraşdırılır. Bu sahənin istehsal gücü gündə 10-15 min ədəd plastik taradır.
İlkin mərhələdə müəssisə 1 kiloqramlıq taralarda qatıq istehsalını həyata keçirirdisə, artıq fəaliyyətini genişləndirərək qatıq, ayran, kərə yağı, xama, pendir və quş ətini də satışa çıxarır.
Təsərrüfatın heyvandarlıq, quşçuluq və əkinçilik sahələri var. Hazırda burada 150 baş qaramal, 20 min quş saxlanılır. Süd məhsullarının istehsalında təbii süddən istifadə edilir.
Burada yeni bir sahənin-plastik tara istehsalı sahəsinin yaradılması təsərrüfatın imkanlarını daha da genişləndirəcək.
Əbülfəz Dünyamalıyev