Naxçıvanda Çernobıl qəzasının 32-ci ili qeyd edilib
1986-cı ilin aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yaşayış yerlərini tərk etməsinə səbəb olub.
NUHÇIXAN xəbər verir ki, bu texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini iştirak edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayonlarda bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, bu gün Çernobıl qəzası nəticələrinin aradan qaldırılması zamanı zərərçəkmiş muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən onların müalicələrinin təşkili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələri ilə təmin edilməsi, müxtəlif sosial xidmətlər istiqamətində davamlı tədbirlər həyata keçirilir. Sonra Çernobıl qəzasının ləğvində iştirak edən 257 nəfərə hədiyyələr təqdim edilib. Sağlamlıq imkanları məhdud şəxslər də unudulmayıb. Onlar isə evlərində ziyarət olunub və hədiyyələr verilib.