Alimlər: atmosferdə karbon dioksid qazının artması dünyanın sonunu gətirə bilər

153

İqlim dəyişikliyi problemləri ilə məşğul olan beynəlxalq tədqiqat qrupu Yer planetində temperaturun və dənizlərin səviyyəsinin tezliklə yüksələcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, karbon dioksid qazının atmosferə buraxılması tempi yüksələn xətlə davam edərsə, havanın hərarəti 2 dərəcə selsiyədək arta bilər.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun hesabatı İsveç Milli Elmlər Akademiyasının jurnalında dərc edilib. Tədqiqatlar göstərib ki, gələcəkdə atmosferin çirklənməsi Yer kürəsinin bəşəriyyəti qoruyan təbii sərvətlərini onun düşməninə çevirə bilər. Belə ki, hər il meşələr, okeanlar və torpaq 4,5 milyon ton karbon udur ki, sonrakı mərhələdə bu qazın atmosferdə daha da artması havanın hərarətinə mənfi təsir göstərəcək. Stokholm Davamlılıq Mərkəzinin hesabatına görə, Şimal yarımkürəsində daimi buzlaqlar, yaxud Amazon meşələri milyonlarla ton karbon dioksid qazını saxlayır və günlərin birində bu qazların atmosferə qaytarılması Yer kürəsində fəlakətə səbəb ola bilər. Mərkəzin professoru Yohan Rokströmün fikrincə, temperaturun 2 dərəcə artması planetimizin özünütənzimləmə mexanizmini sarsıdacaq. “Biz görəcəyik ki, Yerdəki sistem insanlara dost deyil, düşmən olacaq. Bəşəriyyətin taleyi bu sistemin tarazlığının pozulması ilə sıx bağlıdır”, – deyə professor vurğulayıb.

Alimlər bildirirlər ki, hazırda qlobal temperatur 1 dərəcə Selsiyədək artıb və hər il 0,17 dərəcə yüksəlməkdə davam edir. Hesabat müəllifləri 10 təbii sisteminin tarazlığının pozulması prosesinə diqqət çəkirlər. Bildirilir ki, hazırda bəşəriyyət karbon dioksid qazının meşələrə və Arktik buz dənizinə mənfi təsiri, habelə metan hidratların okeanlara vurduğu zərərə biganə yanaşır. Təhlükə ondadır ki, bu sistemlərdən biri həmin qazları atmosferə geri göndərdikdən sonra digər sistemlər də “domino effekti” ilə buna qoşula bilər.

Tədqiqatçıların “Yer kürəsi – qızmar ev” ssenarisi adlandırdıqları bu vəziyyətdə iqlim şəraiti sənayeləşmə mərhələsindən əvvəlki dövrə nisbətən 4-5 dərəcə yüksəkdə stabilləşə bilər ki, bu zaman dəniz səviyyəsinin 10-60 metr qalxması ehtimal olunur. Demək, Yerin böyük bir hissəsi suyun altında qalacaq. “Bu təsir kütləvi, dağıdıcı və qəfil baş verə bilər”, – deyə hesabatda xəbərdarlıq edilir.

Professor Rokström bu il Avropadakı anomal istiləri də misal gətirərək əlavə edib ki, temperaturun cəmi 1 dərəcə artması bu cür fəlakətlərlə nəticələnirsə, 2 dərəcəyə çatmasının hansı fəlakətlər doğuracağını təsəvvür etmək olar.

Hesabatda nikbin fikirlər də yer alıb. Alimlər qeyd ediblər ki, vəziyyətdən yeganə çıxış yolu planetin ekoloji sisteminə daha həssas münasibət göstərməkdən ibarətdir. Kopenhagen Universitetinin professoru Ketrin Riçardsonun sözlərinə görə, bunun üçün bəşəriyyət karbohidrogen ehtiyatlarını yandırmaqdan imtina etməli, meşələri qorumalı və yeni ağaclar əkməli, günəş şüalarının mənfi təsirini azaltmalı, karbon dioksid qazını havadan udacaq maşınlar icad etməlidir.

Qeyd etmək lazımdır ki, bəzi alimlər tədqiqat qrupunun hesabatının şişirdildiyi qənaətindədir. Onların fikrincə, müəlliflərin təqdim etdiyi fəlakət ssenarisinin elmi əsasları yetərincə deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: