Ali Məclisin Sədri Fərman imzaladı

5. 139

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 7-də Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ləğv edilsin.

2. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilsin.

3. “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin.

4. “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilsin.

5. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 oktyabr tarixli 177-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq  göstərdiyi  fəaliyyətdən  irəli  gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçsin.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: