Müzəffər Nəsirli
Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat
1920-1970-ci illər
( Davamı)
1932-ci ildən bütün respublikalarda mərkəzi komitənin qərarına əsasən Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş, Sovet Yazıçılar İttifaqının yerli şöbələri yaranmışdı. Lakin Naxçıvanda hələ təşkilat yaradılmamışdı. Naxçıvan Sovet Yazıçılar İttifaqının yenidən təşkilində Mirzə İbrahimovun, Əli Vəliyevin təşəbbüsü diqqətə layiqdir. Bu haqda “Şərq qapısı”nın 1 may 1934-cü il nömrəsində belə yazılmışdır:
Partiyamızın tarixi qərarından sonra Naxçıvanda Sovet Yazıçıları İttifaqı yenidən təşkil olundu. İttifaqın heyətində aşağıdakı üzvlər seçildi:
- Mirzə İbrahimov- sədr
- Əbdül Kazım – katib
- Qurban Qurbanov –üzvü
- Əli Vəliyev- üzvü
- Baqi Hüseynov-üzvü
- Qurban Həsənov- üzvü
- Lətif Hüseynzadə-namizəd
- Rza Şərifzadə- namizəd
(“Şərq qapısı” №-127 (1887)I\Y-1934 )
Qəzetin “Ədəbiyyat xronikasın” da deyildiyi kimi həmin iclasda eyni zamanda Mirzə İbrahimov, Əli Vəliyev və Baqi Hüseynov yoldaşlar Naxçıvan Yazıçılar Təşkilatından Azərbaycan Yazıçılarının I qurultayına nümayəndə seçildilər. 8 may 1934-cü ildə “Şərq qapısı” qəzetinin 2 və 3-cüsəhifələri də Azərbaycan yazıçılarının I qurultayına həsr olunmuşdur. Səhifədə qocaman şair Məmməd Rasizadənin “Firdovsi ”, Lətif Hüseynzadənin “Gülər”, “Canilərə ölüm” adlı hekayələri , Əkbər Əylislinin “Komsomolçu Qulam” poemasından , Qurban Qurbanovun Naxçıvanda Sovet hakimiyyətinin qələbəsinə həsr edilmiş “Qurtuluş” pyesindən bir səhnə çap olunmuşdur.
Ədəbiyyat haqqında yeni qərar Naxçıvanda yaşayan yazıçılar tərəfindən yaradıcılıq proqramı kimi qarşılandı. Həmin vaxtdan etibarən Naxçıvanda ədəbi gənclər xeyli inkişaf etdi. Buna görə də “Şərq qapısı” qəzetinin redaktoru Əli Vəliyev və Mirzə İbrahimov yoldaşların təşəbbüsü ilə Naxçıvan mətbəəsində böyük formatda “Ədəbiyyat qəzeti ” də çap edildi. Qəzeti Mirzə İbrahimov özü redaktə edir və qəzet ətrafında ümidverici gəncləri toplayırdı. Çox təəssüf ki, “Ədəbiyyat qəzetəsinin ” ömrü az oldu. Bir neçə nömrədən sonra nəşri dayandırıldı. Buna baxmayaraq gənclər yenə də həvəslə yazıb yaradırdılar.
Həmin dövrdə istedadlı gənc şair Əbdül Kazım öz yaradıcılığı ilə fərqlənirdi. Az zamanda yazdığı “Böyük gələcək”, “Altı şərait” və sairə şeirləri ilə oxucuların hörmətini qazanmışdı.
Onun şeirləri yalnız “Şərq qapısı” qəzetəsində deyil, Bakıda nəşr olunan “Ədəbiyyat” qəzetəsində, “Hücum ” və “Ədəbiyyat cəbhəsində” adlı məcmuələrdə müntəzəm olaraq çap edilirdi. Kolxoz tarlalarında çalışan zəhmətkeşlərin fədakar əməyi , habelə Vətən məhəbbəti gənc şairin başlıq mövzusu idi.
Bundan başqa Əbdül Kazım “Sərhəddə” şeirində Arazın hər iki sahilindəki həyat tərzinin birini digəri ilə müqayisə edərək , Arazın o tayında Cənubi Azərbaycan xalqının yoxsulluq və ehtiyac içərisində yaşadığını, Arazın bu tayında milyonlarla zəhmətkeşin sosializm quruculuğu uğrunda mübarizə etdiyini,firavan yaşadığını iftixar hissi ilə tərənnüm edərək yazmışdır:
Kim deyir sərhədlərdə ömür qısa,gün qısa ,
Bu sərhədin o tayında ellər batarkən yasa ,
Mən bu tayda milyonlara yeni dünya qururam
Yorulmadan, mətanətlə sərhədimin keşiyində dururam.
( “Şərq qapısı” qəzeti 1932. № – 75, 1934, №-52).
(Ardı var)