“Trustwave” şirkətinin təhlükəsizlik mütəxəssisləri “MikroTik” şirkətinin marşrutlayıcılarına qarşı həyata keçirilmiş genişmiqyaslı haker hücumunu aşkar ediblər. Onlar tədqiqatın nəticələrini öz saytlarında dərc ediblər.
NUHÇIXAN “rambler.ru” saytına istinadla xəbər verir ki, hakerlər routerləri brauzerdə kompüter sahibindən gizlicə kriptovalyuta əldə etməyə imkan verən “Coinhive” skriptinin surəti ilə yoluxdurublar. Haker hücumunun hədəfi əvvəlcə Braziliya sakinləri olub. Hakerlər ilk mərhələdə ölkədəki təxminən 7200 “MikroTik” marşrutlayıcısına müdaxilə ediblər. Hazırda 200 mindən çox qurğu haker hücumuna məruz qalıb.
Mütəxəssislər hesab edirlər ki, hakerlər “Winbox” komponentindəki “0 gün” boşluğundan istifadə ediblər. “MikroTik” şirkəti artıq növbəti gün bu problemi aradan qaldırıb, ancaq bir çox istifadəçi indiyədək lazımi təhlükəsizlik paketini quraşdırmayıb.