Təbiətin əvəzsiz sərvəti olan meşələri yanğından qoruyaq

154

Muxtar respublikamızda yeni salınmış meşə zolaqları öz ahəngi ilə hər tərəfi bəzəyir. Təbiətə xüsusi gözəllik bəxş edən bu meşələri hamılıqla qoruyub saxlamalı, insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan yaşıllıqlara daim qayğı göstərməliyik.

İsti yay günlərində meşələrin məhv olmasının əsas səbəblərindən biri də onların yanğınlara məruz qalmasıdır. Məhz buna görə də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tərtib edilmiş tədbirlər planına uyğun olaraq muxtar respublika ərazisindəki meşələrdə, yeni salınmış yaşıllıq zolaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirir. Həmçinin qızmar yay fəslində vətəndaşların istirahət üçün üz tutduğu məkanlardan biri olan Biçənək meşəsində yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları tərəfindən gündəlik olaraq patrul xidmətləri təşkil olunub.

Fövqəladə Hallar Nazirliyi yay fəslində meşələrimizin yanğından qorunması üçün aşağıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir:

– Cavabdeh şəxslər, o cümlədən meşə mühafizə işçiləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola biləcək halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.

Statistika göstərir ki, meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb olur. Söndürülmə­miş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və sair yanar mayelərlə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması qadağandır. Meşədə torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Burada istirahət edən insanlar tərəfindən tullantıların və eləcə də şüşə qabların, şüşə qırıntılarının atılması qadağandır. Əks halda, günəş şüasından təsirlənən şüşə qablar və qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.

Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməli, onun ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.

Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə ağac qırıntılarından, tezalışan materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalı və daim diqqətdə saxlanılmalıdır. Yanğın və alışma hadisəsi baş verən zaman əlaltında olan mövcud odsöndürücü vasitələrdən istifadə edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, ölkəmizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət etmiş olur.

Vətəndaşlar hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməlidirlər.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: