Arzulayın və arzunuza doğru gedin

İxtisas seçimində nələrə diqqət edilməlidir

887

Artıq ixtisas qrupları üzrə qəbul imtahanları sona çatıb. Bundan sonra bütün qruplar üzrə  növbəti mərhələyə adlayan abituriyentlərin qarşısında düzgün ixtisas seçmək kimi əhəmiyyətli bir məsələ durur. İxtisas seçimini necə düzgün şəkildə həyata keçirmək olar?

Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin əmək haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir.

Təhsil professionallığa söykənməlidir…

İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı baldır. Çünki o, ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayanların istədikləri ixtisasa  qəbul olmaq ehtimalları çoxdur. Ballar aşağı düşdükcə isə heç şübhəsiz ki, onlar ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlərin məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olmaqdır. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır.

Düzgün seçim necə edilməlidir?

 İxtisas seçərkən ilk iki yer toplanandan bir az yuxarı bal tələb edən ixtisaslar yazılmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Onun ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

Abituriyentin 3 əsas xarakteri.  Arzulayın və arzunuza doğru gedin

Yadda saxlamaq lazımdır ki, bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin  bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Yəqin ki, məktəbdə siz də hər hansı bacarıq və qabiliyyətinizə görə digər şagirdlərdən fərqlənmisiniz. Elədirsə, özünüzə bu sualla müraciət edin: “Mənim istedadım nəyə qadirdir?”. Üç xüsusiyyət üç tapmacadır. Sizi xarakterizə edən üç əsas keyfiyyətinizi müəyyən edin. Ola bilsin, siz gələcəyin idmançısısınız. İnsan peşəsinə qarşı sevgi, həvəslə işləmədikdə çətin ki, işdə böyük uğurlara nail olsun. O, adi, sıradan bir işçi olaraq qalacaq. Lakin insan arzusunda olduğu ixtisası seçdikdə nəinki yüksək nəticələrə nail olacaq, həmçinin işdə də hər zaman sayılan və seçilənlərdən olacaq. Arzulayın və arzunuza doğru gedin.

Məntiqinizə söykənin gələcəyin mütəxəssisi olun

Əgər məntiqinizin səsi daha çox tələbatın olduğu peşəni seçməyinizi tələb edirsə, 10 ildən sonra hansı peşəyə daha çox tələbatın olacağını aydınlaşdırın.  Ola bilsin ki, bu seçiminizlə uzun illər boyu özünüzü təmin edə bildiniz. İnsanlar sizinlə eyni addımlaya bilər, lakin sizi ötüb keçə bilməzlər.

Valideynlər diqqətli olmalıdır.

Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər.  Əfsuslar olsun ki, bu gün əksər valideyn öz övladlarını prestijli, yüksək əmək haqqı olan  peşəyə sahib olmağa məcbur edirlər. Bununla əlaqədar olaraq bir çoxları hüquq və iqtisadiyyatla bağlı fakültələrə qəbul olmağa cəhd edir və  belə güman edirlər ki, bu gələcəkdə onların maddi rifahını yüksəldəcək. Əslində isə hər bir peşə sahibi ixtisasının mütəxəssisi ola və arzusuna çata bilər. İxtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə peşə seçir. Önəmli olan seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.

Əziz abituriyentlər! Artıq arzuladığınız peşəyə çatmağın bir addımlığındasınız. İxtisas seçimi gələcəkdə karyeranızın qurulmasında vacib amildir. Seçim zamanı bu sahənin mütəxəssisləri ilə də məsləhətləşməyi unutmayın. Atalar demişkən: “Yüz ölç, bir biç”. Siz də düzgün seçim edin ki, istirahətsiz, yuxusuz günləriniz hədər getməsin.

Arzu Abdullayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: