NUHÇIXAN xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib. Vurğulanıb ki, Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da Ana dilimizə ehtiramın ifadəsidir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması üçün həyata keçirilən tədbirlər də geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
“Ən böyük milli dəyərimiz – Ana dilimiz”, “Ana dilimiz dövlətçiliyimizin əsas atributlarından biridir”, “Ana dilinin təbliğində kitabxanaların rolu” mövzularında çıxışlar dinlənilib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan dili xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biridir. Müasir Azərbaycan dili yüksək yazı və nitq mədəniyyəti ilə seçilən və daim zənginləşən dildir.
Sonra Naxçıvanlı şairlər ana dilinə həsr etdikləri şeirləri səsləndirib, əlamətdar gün ilə əlaqədar təşkil olunan sərgiyə baxış olub.
Röyal Kərimov