Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Dədə Qorqud və Koroğlu dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Azərbaycan xalqının müxtəlif dövrlərdə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasətində də öz əksini tapıb. Məlumdur ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Azərbaycan Xalq Cümhuriyyəti də 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəldi və hökumətin imzaladığı ilk sənədlə Azərbaycan dili dövlət dili elan olundu.
Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”– deyən ulu öndərimiz Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi tədqiqat materialları və kitablar nəşr olunmuşdur.
Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004 cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın ifadəsidir. Dövlət başçısının sonrakı sərəncamları əsasında çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” kitabxanaların latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Dil millətlər və xalqlar arasında dialoqun əsas vasitəsidir. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət Proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunuması məqsədilə bədii şuralar yaradılmışdır. Ölkə başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı isə Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi məqsədini daşıyır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru Antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırır. Muxtar respublikada iaşə obyektlərinə, mağazalara milli adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması işi də daim diqqətdə saxlanılır. Dünyanın tanınmış yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması da dilimizin qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərdir.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Nuray Əliyeva
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi