Müstəqillik, cümhuriyyət ideyası  və tənqidi-realist hərəkat - III yazı

138

Milli oyanış dövründə ustad Mirzə Cəlil, M.Şahtaxtılı, C.Ünsizadə, Y.V.Çəmənəzminli kimi azərbaycançı şəxsiyyətlərlə fikir və ideya birliyi nümayiş etdirən Ömər Faiq Nemanzadə də istiqlal düşüncəsinə xidmət edən və onu təbliğ edən ideoloq şəxsiyyətərdən biri kimi özünü təzahür etdirir. “Nə vaxta qədər” başlıqlı məqaləsində ictimai-mənəvi geriliyin bütün səbəblərini açıb göstərən ədib bunun birinci çarəsi kimi ictimai-siyasi müstəqilliyi, istiqlalı önəmli görürdü. Azərbaycan istiqlalına ümidvar olan Ö.Faiq elə “Ümidvar” imzası ilə də yazırdı ki: “Nə vaxta kimi siyasət və ticarətdə özgələrə uşaqlar təki əsir olacağız? Neçün öz palitikamızı, milli xeyrimizi qanmayırıq? Nə dəlil ilə aramızda hürriyyət və bərabərlik istəyənlərə lənət oxuyuruq? …Buna görə gərəkdir ki, …öz millətimizin səlamətliyi naminə …hürriyyət və bərabərliyin “doğru” vücudunu, idareyiməşruteyi-amiyyunun həqiqi təşkilini canü dildən arzu edək”. Ədib fikrini davam etdirərək göstərirdi ki: “Hanı bizlərdə insanca övlad, millət və vətən məhəbbəti?…Lazım deyilmidir ki, biz də camaat ittifaqını camaat qüvvəti qanaq, öz hüququmuzun mühafizəsini can və dildən istəyək, dəxi havaxt qanacıyıq ki, ixtiyarımız canavarların ağzında olduqca heç bir növ milli mövcudiyyətimizi saxlaya bilməyəcəyiz”. Nemanzadə təkcə milli azadlıq və müstəqillik duyğularını təbliğ etmir, eyni zamanda istiqlaliyyət və xoşbəxt yaşayışa mane olan əngəl və nöqsanları da araşdıraraq daxili avamlıq və bir sıra nöqsanlardan həzər edirdi. Bu baxımdan XX əsr kimi milli oyanış dövrünün tələblərinə uyğun olaraq Ö.F.Nemanzadə də bir ideoloq kimi çıxış edərək xalqı öz haqq-hüququnu dərk etməyə və bu məqsəd naminə mübarizə aparmağa, birlik və əzm göstərməyə çağırırdı. Ədib qətiyyətlə yazırdı: “Bəsdir bu qədər səbir, bəsdir çəkdiyimiz bu qədər həqarət. Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək. …Bəli, vaxtdır, biz də tərpənək, hüququmuzun mühafizəsinə çalışaq, haqq və bərabərlik  yolunda tökülən qanların səmaya əks edib süni şəfəqələr təşkil edən belə həngamələrdə aciz və miskinlər kimi qafilanə yatmayaq”.

Ömər Faiqin “İran mücahidlərinə” müraciətlə yazdığı “Alınan azdalığı nə cür saxlamalı” başlıqlı məqaləsi də Azərbaycan istiqlalı ideyasına yönəlik böyük fikir və ideyalar ümumiləşdirən ən qiymətli əsərlərdən biridir. Görkəmli ədib İran mücahidlərinin əzəmətli ictimai çıxışları fonunda qardaş Osmanlı Türkiyəsinin dərin ictimai-siyasi hadisələrini təcrübə və təhlil etməklə ümumən Azərbaycan istiqlaliyyətinə böyük ideyalar verirdi. “İstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə, alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir”, – deyə yazan Nemanzadə inqilabi hərəkatın və inqilabçı ruhunun məğzinə: “Bəli, azadlıq tələb edənlər, inqilabda iştirak edənlər nə qədər çox və qüvvətli olarsa, alınan hürriyyət də nisbətən çox və qüvvətli davam edər. Demək ki, istibdad tərəfdarlarının güclü olduğu məmələkətlərdə inqilabı meydana gətirən, azadlığı təsis edən mütləq əfkari-ümumiyyə olmalıdır”, – deyə birlik və qarşılıqlı məhəbbət ideyasını irəli çəkirdi. Böyük ədib “Eşq və məhəbbət”, “Çox utandıq”, “Fürsət az, ehtiyac böyük” kimi məqalələrində də milli istiqlal ideyasına xidmət edən fikirlərlə çıxış edir, milləti bu ideyaya hazırlamanın modelini verməklə bərabər vətəndaşları təbəqə fərqi olmadan bu müqəddəs ideya yolunda birlik və mübarizəyə hazırlamağa xidmət göstərirdi. “Eşq və məhəbbət varlıq, dirilik, birər dirəkdir. Bu gün hər fədakarlıq, hər qaliblik eşq və məhəbbətə bağlıdır. …Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola” deyən Ö.F.Nemanzadə millətin hər nümayəndəsi və hər bir fərdində milli məhəbbət, öz vətəni və xalqına, öz istiqlalı və ümumi xoşbəxtliyinə məhəbbətlə bağlanmağı ümummilli səadət və azadlığın rəhni kimi görürdü. Bu fikirlərin davamı olaraq görkəmli ideoloq-ədib Ö.F.Nemanzadə “böyük-kiçik bir çox millətlərin haqq və hürriyyət uğrunda insanlardan milyonlarca qurbanlar verdikləri bir vaxtda” öz xalqının vətəndaşlarından bir-birinin qayğısına qalmaq, biri digərinə həmrəy olmaq ideyasını təlqin edirdi. Bütün bunları nəzərə alan, XX əsr kimi mühüm bir inqilabi epoxa dövrünün tələblərinə müvafiq ideya ilə çıxış edən ədib “bizim kimi sədaqətli, bizim kimi böyük bir millətin müqəddəratı böyləolmamalıdır”, – deyərək “Vaxtdır ki özümümzütanıyalım. Vaxtdır ki, həqqi-ədalətsizliyin üzündən millətimiz “varlığının təhlükəyə düşməkdə olduğunu” qanalım!” kimi çağırışlarla xalqını milli oyanışa və istiqlala, öz milli müqəddəratı və istiqlalını təyin etməyə  dəvət edirdi.

Ümumiyyətlə, tənqidi realistlərin yaradıcılığında ümummilli məqsəd xalqın oyanışı və istiqlala dəvəti olduğu üçün azadlıq duyğularının çağırışı əsas yeri tuturdu. Yuxarıda haqlarında bəhs edilən ideoloq-ədiblər C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ö.F.Nemanzadədən başqa həmin yolu ardıcıl və uğurla davam etdirən M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Ə.Qəmküsar, Ə.Nəzmi və başqalarının yaradıcılığında da istiqlal düşüncəsi başlıca yeri tutmaqda idi. Təkcə bir faktı məxsusi olaraq qeyd etmək vacibdir ki, İranda Səttarxanın başçılığı altında baş vermiş inqilabi hərəkata bütün “Molla Nəsrəddin” cəbhəsi fəal münasibət göstərmiş, M.Ə.Sabirin, M.S.Ordubadinin, Ə.Nəzminin, Ə.Qəmküsarın, M.Ə.Möcüzün və b. şeirləri dərc edilmişdi. Bu əsərlərin hər birində istiqlala çağırış başlıca qayəni təşkil etməkdə idi. Qocaman yazıçılar Ə.Haqverdiyev və M.S.Ordubadi digər irihəcmli əsərlərində də Azərbaycanın istiqlalı məsələsini əsas mövzuya çevirmiş, istiqlal düşüncəsinin inkişafına öz töhfələrini vermişlər.

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: