Yeniləşən dağ kəndlərimiz –Yuxarı Yaycı

262

Ulu Yaradan Vətənimizdən, torpağımızdan bar-bərəkətini, əsrarəngiz gözəllikləri əsirgəməyib. Bu bar-bərəkəti, gözəlliyi artırmağa qadir insanlarımız vardır. Doğma Şərurumuzun hər tərəfi cənnətməkandır. Xüsusilə, son illərdə həyata keçirilən quruculuq tədbirləri, yaşıllıqların artırılması rayonu daha müasir bölgəyə çevirib. Rayonda yaradılan yeni istehsal və emal müəssisələri, müxtəlif məşğuliyyət və təsərrüfat subyektləri də insan amilinə göstərilən diqqət və qayğının bəhrələridir. Bu qədim diyarın insanları işgüzar, əməksevərdir.

Gözəlliklər məskəni olan Yuxarı Yaycı kəndinin sakinləri də həmişə öz işgüzarlıqları ilə fərqləniblər. Kənd qədimliyi yaşadan, maddi-mədəniyyət nümunələri ilə seçilən və müasirliyə qovuşan yaşayış yerlərindəndir. Sakinlərdə əzmkarlıq və iradə yüksəkdir, öz əlləri ilə yetişdirdikləri nemətlərdən, qurulanlardan, yaradılanlardan yetərincə faydalanırlar.

Uca dağların Daş sinəsində, sıldırım qayaların ətəyində yerləşən, qədim tarixi, özünəməxsus adət-ənənələri, gözəl təbiəti olan, dağların üzük qaşı kimi dövrəyə aldığı Yuxarı Yaycı rayon mərkəzindən 20 kilometr Şimal-Şərqdə, dəniz səviyyəsindən 1520 metr yüksəklikdə, Dərələyəz silsiləsinin ətəklərində yerləşir.

Hazırda 300-ə yaxın təsərrüfatda 2 min nəfərədək əhalinin yaşadığı kəndin əsrarəngiz təbiəti var. Rayonumuzun hər bir yaşayış məntəqəsini ağuşuna alan abadlıq-quruculuq tədbirləri bu kəndin də simasını tamamilə dəyişib. Bütün bunlar isə sözsüz ki, isti-soyuq, qar-yağış, gecə-gündüz bilməyən, necə deyərlər, yuxusuna haram qatan, şair demişkən, «zəhməti həyatının ilk bəzəyi sanan» insanların sayəsində gerçəkləşib, reallığa çevrilib. Heç şübhəsiz, bu inkişaf düşünülmüş və regional proqrama əsaslanan strategiayaya söykənib.

Yuxarı Yaycı həm də sərhəd kəndidir. Doxsanıncı illərin əvvəllərində erməni qəsbkarları dəfələrlə top-tüfənglə kəndi atəşə tutsalar da, sakinlər torpaqlarının müdafiəsində mətinliklə dayanmış, ata-baba ocaqlarını tərk etməyiblər.

Kənddə olduğumuz zaman sakinlər bizi mehribanlıqla qarşıladılar. İnzibati ərazi dairəsi üzrə nümayəndə Mirqasım Eminov kəndin dünənindən və bugünündən, son iyirmi ildə onlar üçün yaradılan şəraitdən ağızdolusu söhbət açdı. Mirqasım müəllimin dedikləri:

— Bu kəndin adamları torpağa daha sıx bağlı insanlardır. Sakinlər əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik və arıçılıqla gün-güzəranlarını təmin edirlər. Hazırda kəndimizdə min başa qədər iribuynuzlu və xırdabuynuzlu heyvan, 300-ə yaxın arı ailəsi var. Bütün həyətlərdə dağlardan süzülüb gələn bumbuz bulaqların suyu axır. «Əsgərbəyin bulağı», «Teyfənin bulağı», «Tənbəlin bulağı», «Ağbulaq çeşməsi» və böyüklü-kiçikli onlarla digər bulaqlar, çeşmələr sakinlərin həm içməli, həm də suvarma suyuna olan tələbatını ödəyir. Açıq deyim ki, doxsanıncı illərin ortalarına qədər «gözdən uzaq» olmuşuq, Yuxarı Yaycıya o qədər də diqqət göstərilməyib. Son illər isə həm məşğul olduğumuz sahələrə maraq artırılır, həm də sosial sahələrin normal fəaliyyəti üçün hərtərəfli köməklik və qayğı görürük. Elektrik enerjisi və qaz fasiləsiz verilir, geniş və işıqlı məktəbimiz var, mədəniyyət və tibb müəssisələrinin xidmətindən lazımınca istifadə edirik, kəndimizlə rayon mərkəzinin arasında avtobus işləyir. Bütün bunlar 1993-cü ildə başlanan və 1995-ci ildən daha geniş vüsət alan uğurlu siyasətin nəticələridir.

Qeyd elədik ki, son illər Yuxarı Yaycıda geniş quruculuq işləri görülüb. Burada kənd mərkəzi və xidmət evi üçün binalar inşa olunub, 144 şagird yerlik tam orta məktəbin binasında əsaslı təmir işləri aparılıb, fasad hissənin suvağı, döşəmə və qapı-pəncərələr dəyişdirilib, həyətdə abadlıq işləri görülüb. Zəngin kitab fondu olan kitabxana filialı da quruculuq işlərindən sonra yeni binada fəaliyyət göstərir. Aşağı Yaycı – Yuxarı Yaycı avtomobil yolunun təmiri, kommunikasiya xəttlərinin təzələnməsi də sakinlərin rahatlığına xidmət edir

Düşmənə gözdağı olan Yuxarı Yaycıda aparılan quruculuq tədbirləri və sakinlərin daha xoş gələcəyə nikbin baxışları qəlbimizi dağa döndərdi. Yaycılılar onların normal yaşayışı üçün dövlətimiz tərəfindən yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar. Bunun üçün hərə öz işi ilə həvəslə məşğul olur: kəndli əkir, becərir, toplayır, satır, mal-heyvan, arı bəsləyir, ziyalı əldə etdiyi biliyi xalqı üçün «xərcləyir», sənətkar öz işini görür… Təqaüdçülər isə kəndin mərkəzindəki yaşıllıqlar arasında qoyulmuş oturacaqlarda əyləşib söhbətləşir, kəndin dünənki vəziyyətini yada salır, bugünkü növrağından həvəslə danışırlar.

Mehman Məmmədov

“Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: