Xalqımızın saysız-hesabsız qədim yaradıcılıq nümunələri, sənət növləri var. Rəngarəngliyi, zənginliyi ilə seçilən bu sənət növlərində onların bütün əhval-ruhiyyəsi, mənəviyyatı, məişət mədəniyyəti öz əksini tapıb. Bu dəyərli sənət növləri neçə min il bundan əvvəl yaranaraq formalaşmağa başlayıb və onları yaşadanlar qədim dövrlərdən bu günə kimi müxtəlif sənətkarlıq nümunələri ərsəyə gətiriblər. Bütün dünya da bu sənətkarlıq nümunələrinin çoxçeşidli olmasına, möhtəşəmliyinə heyran qalıb. Qədim sənət növlərimiz bu gün də dünənki kimi yaşayır, yaşadılır. Miskərlik, dulusçuluq, ağac oyma, dəmirçilik, ipəkçilik və digər sənət növləri kimi xalçaçılıqla toxuculuq sənətinin də təbliği, yaşadılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir.
Bu sənət sahələri ilə xüsusilə kənd yerlərində yaşayanlar məşğul olurlar. Kolanı, Yuxarı Qışlaq, Aşağı Qışlaq, Badamlı, Külüs kimi kəndlərimizdə qız-gəlinlərin xalçalar, müxtəlif geyimlər, ev və məişət əşyaları toxuduqlarını görmək olar.
Bu dəfə oxucularımıza Aşağı Qışlaq kənd mədəniyyət evindəki “Xalçaçılıq və toxuculuq” dərnəyinin fəaliyyət haqqında məlumat verəcəyik. Bu dərnəkdə 10 ilə yaxındır ki, xanımlarımızın əllərinin əməyi, gözlərinin nuru ilə müxtəlif sənət nümunələri yaradılır. Onlar necə dəqiqliklə, səliqə ilə hazırlanırsa, üzərindən illər keçsə də, öz təravətini, zərifliyini qoruyub saxlaya bilir. Dərnəyə Mətanət Məhərrəmova rəhbərlik edir. 35 yaşı olan Mətanət xanım elə dərnək yarandığı ilk gündən onun rəhbəridir. Dərnək üzvlərinə əsasən xalçaçılıq və toxuculuq sənətinin sirlərini öyrədir. Mətanət xanımın sözlərinə görə, Aşağı Qışlaq kəndi hər zaman xalçaçı qadınları ilə tanınıb. Bu sənətin sirlərini də ona qaynanası Südabə Məhərrəmova öyrədib. Kəndin məşhur xalçaçısından görüb götürdüklərini rəhbəri olduğu dərnəyin üzvlərinə öyrədən xalçaçı usta deyir ki, bu sənətin sirlərinə yiyələndiyim, toxumağı bacardığım üçün qürur duyuram. Bir də ona görə xoşbəxtəm ki, bildiklərimi, bacardıqlarımı kimlərəsə də öyrədə bilirəm. İndi rəhbəri olduğum dərnəyin beş üzvünə xalçanın toxunma qaydalarını, naxışların düzgün vurulmasını öyrədərək bu sənəti inkişaf etdirmək və qoruyub saxlamaq üçün çalışıram. Bu işi görmək özüm üçün də maraqlıdır. Balaca qızlarımızın da ilmə atmaq, naxış salmaq həvəsi olduqca böyükdür. Dediklərimə diqqətlə qulaq asırlar, maraq göstərirlər, bilmədiklərini soruşurlar. Təbii ki bu da mənim bildiklərimi onlara öyrətmə həvəsimi daha da artırır.
İşə başlamazdan əvvəl hər bir xalçanın özünəməxsus rəng çaları, ilməsi, naxışı olduğunu, atılan səhv bir ilmənin onun sökülərək yenidən toxunmasına gətirib çıxardığını izah edir, bu barədə diqqətli olmalarını tapşırıram. Xalçaçılıqda təkcə ilmə deyil, hətta naxış, naxışa uyğun seçilən rəngə belə diqqət yetirmək vacibdir. Bir qədər əvvəl gələn dərnək üzvləri demək olar ki, xalça toxumağı lazımınca öyrəndiklərindən çətinlikləri az olur. Ancaq dərnəyə yeni üzv olanlar müəyyən çətinliklər çəkirlər ki, bu da təbii haldır. İlk dəfə xalça toxumaq üçün istifadə edəcəkləri alətlərlə, rəngli iplərlə tanış olan yeni üzvlər üçün bu iş maraqlıdır. Bəzən elə olur ki, bu işin öhdəsindən gələ bilməyəcəklərini düşünüb dərnəkdən ayrılmaq istəyirlər. Lakin mən onları həvəsdən düşməyə qoymuram. Hər biri işin özünəməxsus çətinliyinin və o çətinliyin, zəhmətin arxasında böyük uğurun dayandığını bildirirəm.
Dərnək üzvlərinin digər bir məşğuliyyət sahəsi də toxuculuq sənətidir. Mətanət Məhərrəmova və sənət yoldaşları Vüsalə Bayramova, Bikə Məmmədova, Çiçək Rəcəbli ilə birlikdə dərnək üzvlərinə müxtəlif geyimlərin-corabların, əlcəklərin, papaqların toxunmasını, ev və məişət, əşyalarının, aksesuarların hazırlanmasını öyrədirlər. Onların müxtəlif cür hədiyyəliklər, suvenirlər, güllər, mücrülər hazırlamaq üçün rəngarəng iplərdən, muncuqlardan, parçalardan istifadə etməklə milli ornamentləri özündə əks etdirən əl işləri ilk baxışdanca elə insanın zövqünü oxşayır. Xalça toxumaq kimi, toxuculuqla da məşğul olmaq insandan həvəs, səbir istəyir. Dərnək üzvləri buna müəyyən mənada nail olublar. Çünki onların əl işlərindən ibarət sərgilərin təşkil olunması, el bayramımız olan Novruzda onların nümayişi bu işin öhdəsindən necə məharətlə gəldiklərinin göstəricisidir.
Vüsalə Bayramova deyir ki, bir çoxlarımız kimi, mən də toxumağı, tikişlər aparmağı hələ orta məktəb illərində oxuyan zaman əmək təlimi dərslərində öyrənmişdim. İllər ötdükcə bu işə çox vaxt ayırmağa başladım. Bilmədiklərimi həvəslə, səbirlə öyrənirdim. İndi toxuculuq sənəti mənim ən sevdiyim, sevə-sevə məşğul olduğum sahədir. Bu gün də dərnək üzvləri ilə birlikdə bu sənəti yaşadırıq. Dərnək üzvləri bu sahədə fəallıq göstərirlər. Hər gün bir ilmə salmağı, bir bəzək vurmağı vərdiş halına çeviriblər. Rənglərin möcüzəsi ilə maraqlı sənət nümunələri yaradırlar. Uşaq dünyası rənarəng olduğu üçün təxəyyüllərinin məhsulu da müxtəlif olur. Kimisi gördüyü təbiət mənzərələrini ağ kətan üzərinə köçürür. Kimisi heyvan fiqurları hazırlamağı bacarır. Kimisi də öz təxəyyülünün məhsulu olan əl işləri ortaya çıxarır.
Çiçək Rəcəbli də toxuculuq sənətinin sirlərini böyük həvəslə gənc nəslə aşılayır. O, deyir ki, hazırladıqlarımızı satış-sərgilərdə, tədbirlərdə nümayiş etdiririk. Əvvəlki illərlə müqayisədə də indi əl işlərimizi asanlıqla sata da bilirik. Bu mənada keçirilən satış-sərgilərin bizim üçün əhəmiyyəti böyükdür. Çünki zəhmətimiz əlimizdə qalmır. Əl işləri sərgilənən zaman həm qazancımız olur, həm də müştəri məmnuniyyəti ilə qarşılaşırıq. Əl işlərimizi görən insanlar yeni toxuculuq nümunələri sifariş verir. Bu təbii ki, hər bir dərnək üzvünün həvəsini, işinə olan marağını artırır.
Dərnək üzvlərinin fəaliyyəti onu deməyə əsas verir ki, yaşı min illərə çatan xalçaçılıq və toxuculuq sənəti qorunur, yaşadılır və gənc nəslə sevdirilir. Bu da yeni sənət nümunələrinin yaranmasına yol açır.
Hicran Əliyeva
“Oğuz səsi” qəzeti