Çəkilən zəhmətin bəhrəsi

112

Taxılçılıq iqtisadiyyatımızda aparıcı sahəyə çevrilib. Dövlət də bu mühüm əhəmiyyətli strateji məhsulun bol olmasına hərtərəfli şərait yaradır, fermeri  yüksək keyfiyyətli, daha məhsuldar toxum növləri, mineral gübrə və texnikalarla təmin edir, kreditlər ayırır, dəyirmanlar tikdirir.

Son vaxtlar muxtar respublikamızda taxıl, xüsusilə buğda əkinlərini genişləndirmək, məhsuldarlığı artırmaq, öz məhsulumuz hesabına tələbatımızı ödəmək vəzifəsi qarşıya qoyulmuşdur. İndi bu vəzifə sərhəd bölgəsi olan Sədərək rayonunda da uğurla həyata keçirilir. Artıq bir neçə gündür ki, bu ilin taxıl biçini sona çatıb. Sahələrdən  2466 hektarın məhsulu toplanıb. Zəmilərdən 7959 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 32.3 sentner olub.

Yüksək məhsul əldə edən sahibkarlardan biri də Fuad Qədimovdur. Onunla söhbət zamanı qeyd etdi ki, dədə-babalarımızdan bizə miras qalan ən qiymətli peşələrdən biri, bəlkə də birincisi əkinçilikdir. O vaxtlar heç onların qolundan tutub kömək eləyənləri də olmayıb. Qollarının gücünə, ürəklərinin təpərinə güvənərək torpaqlarını əkib-becərməklə dolanıblar. Bu gün ancaq muzeylərdə rast gəldiyimiz cüt, xış, vəl onların əsas əmək alətləri olub. Bunların hər biri adamdan fiziki güc enerji tələb edir. İndi bütün bunlar barəsində düşünəndə adamı heyrət bürüyür. Ancaq görün babalarımız necə qoçaq olublar ki, hər cür ağır zəhmətə qatlaşıblar. Bunun sayəsində pis-yaxşı dolansalar da özgəyə möhtac olmayıblar, öz vüqarlarını əyməyiblər, ad-sanlarını alçaltmayıblar… Bütün bunları ona görə xatırlayıram ki, gərək indiki xoş günlərimizin qədrini bilək. Bu il 16 hektar sahədə taxıl əkib-becərmişəm. Gördüyünüz kimi məhsulum da yaxşıdır. Sahələrdən 53 ton məhsul əldə etmişəm.

Torpaq mülkiyyətçilərindən Salman Məmmədov da öz razılığını bildirdi. Qeyd etdi ki, 8 hektar sahədə taxıl əkib və 25 ton məhsul götürüb. Görün dövlətimiz biz kəndlilərə necə gözəl şərait yaradır. Pul yardımından tutmuş yaxşı növ toxumadək təmin olunuruq. Lazımi qədər gübrə, texnika da verilir. Sudan da korluq çəkmirik. Bu cür yüksək qayğı bizi də ruhlandırır. Şükür, torpağımızın da üzü dönük deyil, çəkdiyimiz zəhmətin əvəzini artıqlaması ilə verir.

    Qeyd edək ki, bu il Sədərk rayonunun taxıl sahələrindən məhsulu toplamaq üçün 4 kombayn cəlb edilib.

Sərxan İsmayılov

“Oğuz yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: