Yoldakı bağ

215

Axşam tərəfi günəş qüruba əyilməmişdən qabaq anam dedi ki, dur gedək Əshabi-Kəhf Ziyarətgahına. Çoxdandır getməmişəm. Niyəsini soruşmadım. Bəlkə də qəlbində gizlətdiyi, açıb-ağartmadığı hansısa arzusu var idi, o lal qayalar arasında dilə gətirmək istəyirdi. Ya da ürəyinin lap dərinliklərində hansısa arzusu gerçəkləşdiyinə görə yaradanına minnətdarlığını bildirmək üçün bu ziyarətgaha üz tutmaq niyyəti var idi. Müxtəsəri, bu məqsəd bir onun özünə, bir də yaradanına bəllidir.

Avtomobilimiz hər iki tərəfdə özünə yer tutmuş meyvə ağacları və bostan sahələrinin arası ilə uzanan Naxçıvan-Culfa magistralı ilə ziyarətgah yolunu tutanda anamın da ürəyi açıldı. Dedi ki, yolların kənarındakı bu meyvə ağacları nəyə desən dəyər.

Həqiqətən də bu gün muxtar diyarımızın istənilən bölgəsinə üz tutduqda bizi ilk növbədə geniş və hamar yolların kənarında salınmış yaşıllıq zolaqları – meyvə bağları qarşılayır. Heç kəsə sirr deyil ki, min bir zəhmət və alın təri ilə ərsəyə gəlmiş bu yaşıllıq zolaqları yalnız bu günümüz üçün deyil, həm də gələcəyimizə hesablanmış addımdır.

Həftənin istirahət günündə muxtar respublikamızın sərin kəndlərinə istirahət etmək üçün üz tutan şəhər sakinləri və ya elə digər rayonlardan olan sakinləristədikləri yerdə avtomobillərini saxlayıb,  istədikləri qədər meyvə toplaya bilirlər – həm də ilin 3 fəslində.66

Alma, albalı, ərik, gavalı, tut, iydə, heyva – demək olar ki, ilin istənilən mövsümünə uyğun meyvə növləri ilə zəngin olan yaşıllıq zolaqları həm də sakinlərin istirahət məkanına çevrilib. Bir zamanlar insanlar yaşıl turizm üçün ancaq Batabata üz tuturdusa, indi muxtar respublikanın istənilən yerində bu istirahəti təmin etmək mümkündür. Bu isə təbii ki, salınan yaşıllıq zolaqlarının hesabına mümkün olur.

Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir.

Yolüstü avtomobili saxlayıb bu yaşıllığın yaratdığı kölgəlikdə otururuq. Təmiz hava, yaşıllıq ürəyə rahatlıq gətirir. Yaşıllığın kənarındakı dolu su arxından qalxan səs isə nəyə desən deyər. Şəhər kənarı, sakitlik, yaşıllıq və aram-aram axan su səsi insanı bir anlıq həmin andan qopararaq öz ağuşuna alır. Sanki haradasa uzaq bir kənddəsən.

Bir anlıq hər kəsin yaşadığı yaxın keçmişi xatırladım.

Ötən əsrin 90-cı illərində muxtar respublikanın düşdüyü çətin vəziyyət,  insanların güzəranının çətinləşməsi təbiətə də təsirsiz ötüşməmişdi. Ağaclar insanların qızınmaq üçün yeganə yanacaq növü olduğu üçün nəinki meşə, eyni zamanda həyət-bacadakı meyvə ağacları da kəsilib yandırılmışdı.

Yaxşı yadımdadır, yanacaq əldə etmək üçün şəhər sakinlərinin üz tutduğu yer Naxçıvançay vadisi idi. Burda bitən, bütün yabanı ağaclar kəsilmişdi. Yulğun kollarından əsər-əlamət belə qalmamışdı. Bir də insanların ümidi selin qabağına qatıb gətirdiyi odun parçalarına idi. Bizim həyətimizdə də bir tut ağacı qalmışdı, bir də yasəmən. Onları da babam əkdiyi üçün  nənəm kəsməyə icazə vermirdi.

Bu gün isə mənzərə tamamilə fərqlidir. Keçirilən iməciliklərdə salınan hektarlarla yaşıllıq zolaqları, bu zolaqların səylə, qayğı ilə qorunması ötən illərin izlərini tamamilə örtüb.

Naxçıvançay vadisindəki mənzərəyə baxanda isə görürsən ki hər tərəf yaşıllığa bürünüb. Yulğun kolları, iydə, söyüd ağacları yenidən ətrafı öz ağuşuna alıb. Təbiət yenidən özünübərpaya başlayıb. Bu ərazi isə vəhşi təbiətdə yaşayan neçə-neçə canlıya ev sahibliyi edir.

QayıdanbaşƏshabi-Kəhf Ziyarətgahı istiqamətində də yolun hər iki tərəfində bizi yaşıllıq zolaqları müşayiət edirdi. Yol kənarında dayanmış bir-neçə avtomobil diqqətimi çəkdi. Ailələr bir yerə toplaşaraq elə yol kənarındakı yaşıllıq zolağında-bağda xalçalarını salıb samovarların yandırmışdılar. Şəhərdən çox da uzaq olmayan ərazidə, yay günündə öz istirahətlərini edirdilər. .

Uşaqlar isə ətrafdakı ağaclardan dəymiş əriklər, ağarmış almalardan dərib dadına baxırdılar. Bu meyvələrdən toplayaraq özünə qış tədarükü görənlər də var. Eyni zamanda bağlardan tonlarla meyvə toplanaraq hərbi hissələrə – əsgər və zabitlərə sovqat olaraq aparılır.

Bu isə muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlililiyin nəzərə alınmasının nəticəsidir. Yaşıllaşdırma tədbirləri həm də  meyvəçiliyin inkişafı, yeni yaradılan istehsal müəssisələrində meyvə xammalının ehtiyatının yaranmasına da səbəb olur. Onu da qeyd edim ki, xüsusi Dövlət Proqramına  uyğun olaraq muxtar respublika ərazisində 4927 hektar sahədə meyvə bağları salınıb.

İndi hər kəs “yoldakı bağ” kənarında avtomobilini saxlayaraq bu məhsullardan öz ehtiyacı qədər toplaya bilər. Amma israf etmədən, qoruyaraq və sabahı da, gələn ili də, gələcək nəsli də düşünərək.

Məmməd Babayev

Naxçıvan Televiziyasının Baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: