Bakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını qəbul edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi bu qərarı Ficidə keçirilən növbəti iclasında qəbul edib. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov iclasda iştirak edib
NUHÇIXAN Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, son üç ildə Azərbaycan paytaxtı “uçan” gimnastlar arasında iri startlara ev sahibliyi edib: 2016-2017-ci illərdə burada Dünya Kuboku yarışları, bu mövsümdə isə Avropa çempionatı keçirilib. Avropa çempionatı ölkəmizin idman həyatında parlaq hadisələrdən birinə çevrilib. Artıq 2021-ci ilin mundialını keçirmək də Bakıya həvalə olunub. Bu çempionat respublikada böyük yarışların təşkili işində yeni səhifə açacaq.
Çempionatın tarixi artıq məlumdur. O, yaş qrupları arasında batut üzərində tullanma üzrə Dünya Oyunları ərəfəsində – noyabrın 11-14-də keçiriləcək. “Uçan” gimnastlar üçün Bakı çempionatı Olimpiadadan sonra ən əhəmiyyətli yarış olacaq. Çempionatda həm adlı-sanlı, həm də gənc idmançılar yarışacaqlar.
FIG-in prezidenti Morinari Vatanabe İcraiyyə Komitəsinin qərarına münasibət bildirərək deyib: “Biz şadıq ki, böyük çempionatları əvvəllər idmanın bu növləri – batut üzərində tullanma və akrobatika üzrə dünya çempionatları keçirməyən ölkələrə etibar ediblər. Belə münasibət həmin idman növlərinin bu regionlarda inkişafına xidmət edir”.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva əmin olduğunu bildirib ki, ölkədə batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına, habelə idman sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Beləliklə, Azərbaycan idmanın gimnastika növü üzrə iki çempionatı birdən qəbul edəcək. 2019-cu ildə burada bədii gimnastika üzrə dünya forumu, 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə mundial keçiriləcək.