Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib

968

İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov vəHuawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsiblər.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq trans avrasiya fiber optik magistrallarına ikitərəfli çıxış təmin edilib. Azərspace peyki üzərindən isə 3-cü alternativ rabitə kanalları yerləşdirilib. Hazırda muxtar respublikanın əsas və alternativ magistral telekommunikasiya xətlərinin 1600 kilometri fiber optik xətlərdir. Fiber optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı vardır. Bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilib. 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruksiyasına başlanmışdır. Bugünə qədər layihənin 4 mərhələsi başa çatdırılıb. Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası da bu sahədə görülən işlərin davamıdır. 

Huawei şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen çıxış edərək deyib: Naxçıvanda yeni texnologiyaların tətbiqi sahəsində böyük nailiyyətlər qazanılıb. Ordubad rayonunda yeni nəsil telekommunikasiya sistemlərinin açılışı bunu bir daha təsdiq edir. Huawei” şirkəti Azərbaycanda fəaliyyətinə 16 il bundan əvvəl 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə əməkdaşlıqla başlayıb. Muxtar respublikada əhalini yüksəksürətli mobil və stasionar internetlə təmin edən 4G mobil şəbəkəsinin, məhdud fiziki imkanlı uşaqlar üçün distant təhsil sisteminin qurulması, 18 tələbənin Çin Xalq Respublikasında təlim keçməsi, “Qədim və müasir Naxçıvan” kitabının çapı uğurlu əməkdaşğın nəticəsidir. Huawei” şirkəti bundan sonra da muxtar respublikada yeni texnologiyaların tətbiqi, elektron təhsil və digər sahələrdə əməkdaşğı davam etdirmək niyyətindədir. James Chen yeni texnologiyaların tətbiqi və inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ordubad Rayon Rabitə İdarəsinin əməkdaşı Dilşad  Məmmədova deyib: Mən uzun illərdir ki, rabitə sahəsində çalışıram. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmayıb. İstər müasir binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması muxtar respublikada rabitənin inkişafına göstərilən qayğının ifadəsidir. Artıq Ordubad rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu isə o deməkdir ki, rayonumuzda tək bir sahə inkişaf etmir, ümumilikdə insan amilinə böyük dəyər verilir. Dilşad Məmmədova yaradılan şəraitə görə Ordubad rayon rabitəçiləri və sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  Ordubad rayonunda Rabitə Evinin və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətilə Ordubad rayonunun əhalisini təbrik edərək deyib: Ölkəmizdə bütün sahələr inkişaf edir. Bu inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan “Huawei” şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı.

Ali Məclisin Sədri deyib: Yeni nəsil telefon stansiyası abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri göstərilməsinə imkan verəcəkdir. Qurulan yeni sistem inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan dünyanın inkişaf edən müasir ölkələri sırasındadır. Bu gün Ordubad rayonunun rabitə sahəsində dönüş günüdür. Ona görə ki, istifadəyə verilən Rabitə Evindən, 35 yeni nəsil telefon stansiyasından və poçt bölmələrindən Ordubad rayonunun əhalisinin hamısı istifadə edəcəkdir. Müasir texnologiyaların və avadanlıqların qurulması imkan verəcəkdir ki, əhali sərbəst vaxtının daha çox hissəsini öz təsərrüfatına, ailə qayğılarına həsr etsin.

Ali Məclisin Sədri deyib: Ordubad rayonunun rabitəçiləri qurulanları qorumalı, onlardan uzun müddət və səmərəli istifadə etməli, əhaliyə nümunəvi xidmət göstərməlidirlər. Qurulanların nəticələrini hər bir sakin öz gündəlik həyatında hiss edəcəkdir. Yeni sistem insanlara rahatlıq, müasirlik gətirəcəkdir. Yeni nəsil avtomat telefon stansiyaların qurulmasında yerli mütəxəssislərlə yanaşı, “Huawei” şirkətinin də əməkdaşları iştirak etmişdir. Muxtar respublikamızda müasir rabitə sistemlərinin qurulmasında və yeni texnologiyalara əsaslanan sosial yönümlü layihələrin həyata keçirilməsindəHuawei” şirkəti yaxından iştirak etmişdir. Bundan sonra da “Huawei” şirkəti ilə əməkdaşlıq davam etdiriləcəkdir.

Ali Məclisin Sədri müasir rabitə sistemlərinin qurulmasında göstərdikləri dəstəyə görəHuawei” şirkətinin kollektivinə muxtar respublika hökuməti və əhalisi adından təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Ordubad Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad rayon filialı üçün lazımi iş şəraiti yaradılıb. Rabitə Evində 16 iş otağı, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, 56 yerlik zal, 1792 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyası, bufet və qazanxana yerləşir. “Naxtel” müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda sakinlərin mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur.

Hazırda rayon üzrə 35 avtomat telefon stansiyası vasitəsilə 8 min 261 abonentə rabitə xidməti göstərilir. Rayonda Mərkəzi Poçt və 25 kənd poçt məntəqəsi fəaliyyət göstərir. Bütün poçt məntəqələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı, kommunal  ödənişlərin, üzvlük haqlarının, sığorta haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kredit ödənişlərinin aparılması, pensiya və sosial yardımların paylanması təşkil olunub. Bundan başqa poçt məntəqələrində itmiş əşyaların sahibinə çatdırılması, elektron imzanın sertifikat xidməti və “Naxtel” müştəri xidmətləri fəaliyyət göstərir.

  Ali Məclisin Sədri Ordubad rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salıb.

Sonra Huawei”  şirkətinin baş vitse-prezidenti xanım Ami Linin video-müraciət vasitəsilə təbrikləri təqdim olunub. Ami Lin video-müraciətdə muxtar respublikada yeni texnologiyaların inkişafı sahəsində görülən işlərin təqdir olunduğunu, Huawei”  şirkətinin  muxtar respublika ilə əməkdaşğa mühüm əhəmiyyət verdiyini bildirib, göstərilən dəstəyə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Yeni Nəsil Telekommunikasiya Sistemi barədə məlumat verib. Qeyd olunub ki, bu gün muxtar respublikada istismar olunan 190 avtomat telefon stansiyasından 151-i və ya 80 faizi yeni nəsil texnologiyalara əsaslanır. Abunəçilərin 84 faizi yeni nəsil telefondan istifadə edir. 2017-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında bağlanmış müqaviləyə əsasən Ordubad rayonundakı mövcud avtomat telefon stansiyalarının rekonstruksiyasına başlanıb, ümumi tutumu 11 min 344 nömrə olan 35 yeni nəsil telefon stansiyası qurulub, 10 qovşaq yaradılıb. Əsas və alternativ fiber optik  kabel xətləri üzərində tam kəsintisiz telekommunikasiya əlaqələrinin təmin edilməsi üçün Şərur-Naxçıvan və Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında rəqəmsal transmissiya avadanlıqları qurulub. Yeni sistem vasitəsilə sakinlərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri təklif ediləcəkdir. Həmçinin bu gün Ordubad rayonunda 4-cü nəsil “Naxtel” mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 16 baza stansiyası mövcuddur.

Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Rabitə İdarəsinin həyətində də abadlıq işləri görülüb, generator otağı, anbar və xidməti avtomobillər üçün dayanacaq tikilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: