Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2018-ci ilin birinci yarimilində görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında nazir, baş vergi xidməti müşaviri Azər Nağıyev məruzə edib.
NUHÇIXAN xəbər verir ki, nazir muxtar respublikada 2018-ci ilin birinci yarısında nazirlik üzrə müəyyən edilmiş proqnozun 106,2 faiz icra olunduğunu bildirib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
Qeyd olunub ki, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində 1269 POS-terminal quraşdırılıb. POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 18 milyon 127 min 710 manat təşkil edib.
Vergi nəzarəti tədbirləri çərçivəsində audit strukturları tərəfindən bu ilin 6 ayı ərzində 44 səyyar vergi yoxlaması nəticəsində 421 min 556 manat əlavə vəsait hesablanıb, 77 min 244 manat maliyyə sanksiyası tətbiq edilib. Öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 3 min 618 fiziki şəxs tərəfindən 91 min 645 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib. Muxtar respublika üzrə əhali ilə nağd pul hesablaşmaları aparan 1840 obyektə nəzarət kassa aparatı quraşdırılıb. Görülən digər tədbirlər diqqətə çatdırılıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Vergilər Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Sessiyada qarşıya qoyulan vəzifələrə əsasən qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrasına əməl olunması, vergilərin hesablanmasına və büdcəyə düzgün köçürülməsinə nəzarətin artırılması, nağdsız ödəniş sisteminin genişləndirilməsi üzrə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Məruzə ətrafında çıxışlar olub.
Cavid Səfərli