Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2018-ci ilin ilk 6 ayının yekunları və qarşıda duran vəzifələr barədə iclas keçirilib. NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən agentliyin baş direktoru Hikmət Əsgərov bildirib ki, 2018-ci ilin ilk 6 ayında agentlik hüquqi və fiziki şəxslər arasında sığorta fəaliyyətinin genişləndirilməsi, keyfiyyətin artırılması, kütləviliyinin təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 228, daşınmaz əmlakın icbari sığortası üzrə 108, daşınmaz əmlakın istismari ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 19 müqavilə çox bağlanılıb. Eyni zamanda əmlakın yanğın və digər risklərdən sığortası üzrə 9, ipoteka krediti götürənlərin həyatının fərdi qəza sığortası üzrə 54 müqavilənin bağlanılması ötən ilin ilk 6 ayı ilə müqayisədə çoxluq təşkil edib.
Hikmət Əsgərov kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortası üzrə 701 müqavilənin bağlanıldığını, bu sahədə izahat-məlumatlanma işlərinin genişləndirildiyini də vurğulayıb. Diqqətə çatdırıb ki, agentlik sığorta işinin bütün növlərinin inkişafının təmin olunmasına çalışacaq, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin edəcək. Eyni zamanda agentliyin mərkəzi aparatında və yerli rayon sığorta agentliklərində nizam-intizam möhkəmləndiriləcək.
Sonra rayon dövlət sığorta agentliklərinin direktorları çıxış edərək cari ilin ilk yarımilində görülmüş işlər haqqında məlumat veriblər.
Gülməmməd Əliyev