Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

256

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 30-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 2 binada təşkil olunacaq. İmtahanda 898 abituriyentin (Bakı şəhərində 566 nəfər, Naxçıvan şəhərində 332 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 136-sı Hərbi Tibb Məktəbinə, 762-si isə hərbi liseylərə imtahan verəcək.

İmtahanın idarə olunmasına 7 imtahan rəhbəri, 76 nəzarətçi-müəllim cəlb edilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

İmtahanda iştirak üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: