Müstəqillik, Cümhuriyyət ideyası  və tənqidi-realist hərəkat - II yazı

177

Görkəmli mollanəsrəddinçi ədib  və ictimai xadim Yusif Vəzir Çəmənzəminli “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsərində məqalənin adından tutmuş məzmununa qədər müstəqil Azərbaycan ideyasını ehtiva edib. Y.V.Çəmənəzminlinin “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsəri Azərbaycan adının mənşəyi və xalqın etnogenezinə elmi səyahət edən ciddi elmi-publisist əsərdir. Söz yox ki, tarixi Azərbaycanın coğrafiyası və iqtisadiyyatına belə bir əsər həsr etməyin özü müstəqillik duyğularını daşımaq və təbliğ etməklə bərabər onu bir ideyaya çevirməyə atılan nəhəng addımlardan biri kimi də diqqətəlayiqdir. Ədibin “Litva tatarlarının tarixi” əsərini də ümumtürk birliyi düşüncəsi, milli mənsubiyyət və türk həmrəyliyi ideyasına ən layiqli töhfələrdən biri hesab etmək olar. “İştə o müqəddəs came qurmağın zamanı gəldi. Hüsniniyyət ilə yapalım və islamın ehkamı olan üxüvvət əsaslarını canlandıralım” fikirləri islam kimi zəngin və qədim milli-mənəvi dəyəri əldə əsas tutmaqla türk xalqları birliyini təmin etməyə nəzəri-ideoloji bir cəhd  hesab etmək olar. Bu nəhəng fikir adamı, ictimai xadimin Azərbaycan istiqlalına həsr etdiyi ən möhtəşəm əsərləri sırasında, ilk növbədə, “Azərbaycan muxtariyyəti: ayılın, toplaşın” məqaləsini hesab etmək olar. Əsərin 1917-ci ildə yazıldığını nəzərə alsaq və məhz həmin tarixdə böyük azərbaycançı ədib və istiqlal ədəbiyyatının sərkərdəsi Cəlil Məmmədquluzadənin məşhur  “Azərbaycan”, “Cümhuriyyət”, “Vətəndaşlar” kimi məqalələri ilə müqayisə etsək, bütün təbəqələrilə Azərbaycan xalqına, azərbaycanlılara istiqlal və Cümhuriyyət ideyası ilə səsləniş kimi qəbul etmək olar. “Millətlər şurasından qayıdarkən yazılan” “Azərbaycan muxtariyyəti: ayılın, toplaşın” məqaləsində ədib “Hər millət öz fərdini axtarıb, tapır, əl-ələ verib camaatın halına qalır. Çünki milli himmətdən savayı özgəsi milləti bu dəhşətli zamanda müdafiə eləyə bilməz!” – deyə böyük ustad Cəlil Məmmədquluzadənin “Həmşəri”, “Xeyir-dua”, “Azərbaycan” və b. məqalələrində də səsləndirildiyi kimi xalqı həmrəylik və milli birliyə dəvət edirdi. “İndiyə kimi bizim nə mərkəzi bir şüarımız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz milli işimizi öz əlimizə ala bilmirik” deyirdi Y.V.Çəmənzəminli.  “Ey nəcib türk milləti, ayıl! …Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər”, – deyə rus işğalı altında yaşayışa, köləliyə, hər cür əsarət və işğalçılığa son qoymağa çağırır, milli şərəf və heysiyyətə, istiqlaliyyət və cümhuriyyət şəklində yaşayışa dəvət edirdi. “Ayılın, toplaşın!” nidası ilə xalqına səslənən böyük realist ədib Y.V.Çəmənzəminli XX əsrin əvvəllərində bütövlükdə ədəbi fikirdə yer alan “Ayıl, ey milləti məzlumə ayıl, Ayıl ey milləti-mərhumə ayıl” çağırışlarında olduğu kimi təkcə mənəvi oyanışa deyil, böyük Mirzə Cəlil məktəbi və ictimai fikrinə aid olaraq zəruri siyasi oyanış və özünüdərkə dəvət edirdi. “Rusiyanın siyasi həyatı yeni bir dairəyə girir. Rusiyada yaşayan millətlər üçün tarix yeni bir səhifə hazırlayır”, – deyə Y.V.Çəmənzəminli Rusiyada inqilablar dalğasının baş alması və imperiyanın dağılması şəraitində Azərbaycan xalqının da fürsəti dəyərləndirərək öz azadlığını əldə etməsinə çağırış edirdi. “…Qanunları millətlərin milli məclisləri yazacaq. Hərənin öz malı, öz dövləti, öz səadəti özünə məhvəl olacaq”, – deyə yazan ədib “Pəsböylə bir gözəl yaşayış üçün niyə çalışmırsınız? Niyə fürsəti fot eləyirsiniz? Sonra peşiman olarsınız. Bu zaman firqəbazlıq zamanı deyil. …İmdi toplaşın, milli idarə yapın… Muxtariyyət olmasa, ölkə başsızlıq bəlasından xilas olmasa, orada firqə həyatı da olmaz. Pəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb, yerində ədəmi mərkəziyyət payidar edilməlidir”,-deyə zamanı, şəraiti dəyərləndirməklə bütün xalqa, vətəndaşlara müraciət və çağırış olunur, milli idarə deyə Cümhuriyyət, dövlət qurmanının vacibliyi, əhəmiyyəti başa salınırdı. “Ədəmi mərkəziyyət fikrinin başında toplaşın… Yatmışları oyadın. Onları federasyon nuru ilə işıqlandırın! …Cürət ediniz, iş görünüz! …Durmaq zamanı deyil! Bir az səbr eləsəniz, gözəl ölkəmiz fut olub əldən gedər! …Muxtariyyət onun üçündür ki, namusumuz ayaqlar altına düşməsin. …Zəmanə iş zəmanəsidir.. Toplanın” nidaları bütün ölkə insanlarına ünvanlanmışdı. “Ey türklər! Qars-Ərdəhan müsibətləri, Urmu, Qəsri-Şirin və qeyri-yerlərin talanı sizə bunu öyrətdi ki, başsız və pərakəndə milləti hər yetən döyür, incidir və öldürür. Zəmanə böylə xarab zəmanədir ki, ağlamağa, göz yaşlarına qulaq asan olmur”. Görkəmli ədib “Muxtariyyət nədir”, “Məhəlli muxtariyyət”, “Muxtariyyət bizə nə verəcək”, “Muxtariyyətə layiqik”, “Muxtariyyəti nə cür ala bilərik”, “Muxtariyyətimizin əsl əsası” kimi başlıqlar altında muxtariyyət anlayışını bütün təfərrüatı ilə izah edir.

Y.V.Çəmənzəminlinin “Biz kimik və istədiyimiz nədir” başlıqlı məqaləsi də xüsusi ideoloji əhəmiyyətilə seçilir. Millətin xoşbəxtliyi və inkişafı çarəsinin muxtariyyətdə – istiqlal və müstəqillikdə olduğu ədibin muxtariyyətə həsr olunan məqaləsində tam təfərrüatı ilə göstərildiyi kimi, bu əhəmiyyətli yazısında da milli mənsubiyyət ideyası dərk etdirilməklə yanaşı müstəqilliyin bütün məzmunu, məqsədi, cümhuriyyət və ya dövlətçiliyin platforması və s. açıq-açıq şərh olunur. Ədib yazır: “Bizim Azərbaycan min il bundan əvvəl də mövcud idi. Onda həm ölkəmiz var idi, həm də xalqımız. Lakin hakimiyyət bizim əlimizdə deyildi. …Böylə olan surətdə bizim üçün ən vacib məsələ Azərbaycanın hakimiyyətini öz əlimizə almaqdır. Bu isə, istiqlal ilə olur”. Söz yox ki, “Azərbaycan hakimiyyəti əlimizə düşdükdə vətənimiz müstəqil bir şəkil alır. Üç amil – millət, ölkə və hakimiyyət bir yerdə toplanır. Azərbaycan istiqlaliyyətini təmin etmək üçün cəmi qüvvət və qüdrətimizi meydana çıxartmalıdır. Bu yolda nə qədər fədakarlıq lazım olsa, göstərməliyik. …istiqlaliyyətimizin davamına çalışmalıyıq; məmləkəti müstəqil yaşatmalıyıq”. 

Çəmənzəminli istiqlal düşüncəsi və milli dövlətçilik, cümhuriyyət haqqındakı düşüncələrini çoxbaşlıqlı “Xarici siyasətimiz” adlı məqaləsində də davam etdirir. “Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət”, – deyən ədib həmçinin “Bu gün Azərbaycanda bu üç amil olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir” məntiqi nəticəsinə gəlirdi. 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: