ABŞ vətəndaşı hərracda gördüyü xalçanın sorağı ilə Azərbaycana gəlib

250

Son vaxtlar ölkəmizə gələn turistlərin ziyarət etdiyi ünvanlar sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyət göstərdiyi mərkəzi ofis və bölgələrdəki xalça emalatxanaları da vardır. Bu obyektlərdə turistlərə milli dəyərimiz olan Azərbaycan xalçaları barədə geniş məlumatlar verilir. Onlar bəyəndikləri xalçaları alıb öz ölkələrinə aparırlar. Bununla həm iqtisadi cəhətdən gəlir əldə edir, həm də milli mədəniyyətimizin, milli dəyərlərimizin təbliğinə nail oluruq.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan xalçalarının sorağı ilə ölkəmizə gələn xarici ölkə vətəndaşları iyulun 26-da qurumun mərkəzi ofisində müxtəlif xalça emalatxanalarında toxunan xalçalarla tanış olublar. Öz ailəsi, Kanadada, Küveytdə və Livanda yaşayan dostları ilə respublikamıza gələn ABŞ vətəndaşı Vilyam Gennings Azərbaycan xalçalarını məşhur amazon.com saytında və ölkələrində keçirilən hərraclarda görüb.

“Azərxalça”nın filiallarında, xüsusilə İsmayıllıdakı xalça emalatxanasında istehsal olunan məhsullara heyranlıqla baxan qonaqlar orijinallığı və keyfiyyəti ilə seçilən Azərbaycan xalçalarına ölkələrində böyük maraq olduğunu bildiriblər. Vilyam Gennings deyib ki, onların Azərbaycana gəlişinin əsas səbəblərindən biri də Azərbaycan xalçalarını görmək, məhz xalçaçılığın vətənindən bir sənət əsəri almaqdır.

Digər ABŞ vətəndaşı Amnah İbraheem burada gördüyü bir xalçanın onu təəccübləndirdiyini bildirib. O deyib ki, bu xalçanı ABŞ-da keçirilən hərracda görüb, çox bəyənib, ancaq ala bilməyib. Xalçanın oxşarını tapa bilmək arzusu ilə Azərbaycana gəlib. Burada gördüyü isə sanki həmin xalçadır.

Qonağa məlumat verilib ki, “Azərxalça” dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan, eləcə də hərraclarda satışa çıxarılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Bu xalça 2016-cı ildə “Grogan” hərracında satılan, XIX əsrin ikinci yarısına aid xalçanın çeşnisi əsasında toxunub.

Amnah İbraheem həmin xalçanın qədimini ala bilməsə də, onun eynisi olan yeni xalça alacağından məmnunluğunu bildirib.

Göründüyü kimi, “Azərxalça”nın onlayn satış saytlarında, dünyanın nüfuzlu jurnallarında, beynəlxalq xalça bazarında apardığı reklam və marketinq işləri öz nəticəsini göstərir. Artıq Azərbaycan xalçalarının sorağı ilə ölkəmizə gələn turistlər də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: