Dəmirli yaylağındakı obalarda tibbi xidmət göstərilib

233

Yay mövsümünü Şərur, Şahbuz, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili davam etdirilir. Bu məqsədlə yaradılmış xüsusi həkim briqadaları tərəfindən obalarda yaşayan sakinlərin zəruri dərman vasitələri, sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi aparılması diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası rayonun Dəmirli yaylağı ərazisində məskunlaşan hey­vandarlara baş çəkib.

Bu yaylağın təbii-iqlim şəraiti, təmiz havası geniş və zəngin otlaq sahələri heyvandarlıqla məşğul olmaq üçün münbit şərait yaradır. Ərazidəki yaylaqlarda təkcə yerli fermerlər deyil, həmçinin muxtar respublikanın digər bölgələrindən gələn təsərrüfat sahibləri də ailəliklə oba qurub heyvandarlıqla məşğul olurlar. Onların sağlamlıqları daim diqqət mərkəzində saxlanılır. Hazırda Culfa rayonunun Camaldın kəndindən bu yaylaqda 2 oba məskən salıb. Çadırlarda fermer və çobanların 22 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə edilib, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib. Yaylaqda məskunlaşan ailələrə ilkin tibbi yardım üçün dərmanlar paylanılıb.

Heyvandarlar göstərilən tibbi xidmətə görə minnətdarlıqlarını bildiriblər.

Culfa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları isə ərazidə dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirib, təhlil üçün su nümunələri götürüblər.

Obalarda tibbi xidmət mövsüm boyu davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: