Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən, Azərbaycan dili fənnindən test imtahanı verirlər.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, test imtahanı ildə iki dəfə təşkil olunur. Bu il Azərbaycan dili fənni üzrə ilk imtahan aprelin 22-də keçirilib, ikinci imtahan isə iyunun 10-da olacaq.
Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.
Martın 1-dən 27-dək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etməyən cari ilin 9-cu sinif rus bölməsinin abituriyentləri də mayın 18-dən 29-dək kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri iyunun 10-da keçiriləcək Azərbaycan dili fənni üzrə ikinci imtahanda iştirak edə biləcəklər, yəni həmin abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.
Kolleclərin müsabiqəsində iştirak etmək üçün martın 1-dən 27-dək qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 25-dən avqustun 6-dək ixtisas seçimi müddətində qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.