Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə - II yazı

164

Müzəffər Nəsirli

II yazı

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

           1920-1970-ci illər

                                                                               ( Davamı)

…Muxtar respublikamızda 1926-27 ci illərdə yaranan mədəni yüksəliş gənc yazıçı və şairlərin nikbin bir əhval –ruhiyyə daşımasına imkan yaratdı. Mədəni inqilab dövründə gənc yazıçılarımız azad olmuş vətənimizin xoşbəxt günlərini ilhamla tərənnüm etməyə başladılar. Heç şübhəsiz Naxçıvanda yaranan ilk proletar poeziyanın nümayəndəsi Əyyub Abbasov (1905-1957) idi.

    Azərbaycan ədəbiyyatında öz uşaq şeirləri, pyesləri və “Zəngəzur” romanı ilə böyük şöhrət qazanan Ə. Abbasovun ilk yaradıcılığı Naxçıvandan başlamışdı. Naxçıvan müəllimlər seminariyasının nəşr etdiyi salnamədə öz nikbin əhval ruhiyyəsini “Qırmızı nur” adlı şeirində belə ifadə etmişdir:

   Ox, nə gözəldir zaman,

   Ürəklərdə yox fəğan,

   Hər üzdə bir sevinc var,

   Gülür sanki bu diyar.

   Min zəhmətlə əkilmiş

   Güllər bu gün dərilmiş,

   Ax, nə böyük səadət.

1926-27-ci illərdə ədəbiyyat aləminə qədəm qoyan gənc şairlər Süleyman Rüstəmin …poeziyasının təsiri altında yazıb yaradırdılar. Onlarında yaradıcılığında ələmdən nəşəyə motivləri əsas yer tuturdu. Çünki …dövlətin atalıq qayğısı nəticəsində maarif və mədəniyyət qapıları gənc nəslin üzünə açılmışdı. Onlar yeni və xoşbəxt həyatdan ilham aldıqlarından öz ürək sözlərini , sevinclərini şeirlə ifadə edirdilər.

Yetimlər evində tərbiyə almış, Naxçıvan müəllimlər seminariyasında təhsil alan, vaxtsız vəfat etmiş, o zamankı ədəbi gənclik sıralarında öz istedadı ilə fərqlənən Bayram Mərdanlının 1927-ci ildə “Şərq qapısı” qəzetəsində yazdığı bu şeir şən əhval ruhiyyənin ifadəsidir. O yazırdı :

      Hər kəsi ürəkdən bir qardaş bilən,

      Ağlayan gözlərin yaşını silən,

     Yetimlər yurdundan məktəbə gələn

     Zəhmətkeş balası, komsomolam mən!

…20-ci illərdə Naxçıvanda ədəbi həyat canlandı, gənclər daha geniş yaradıcılıq yoluna qədəm qoydular. Onların mövzu dairəsi də genişləndi. “Şərq qapısı” qəzetəsində müntəzəm “Ədəbiyyat səhifəsi” , “Komsomol səhifəsi” verilir və burda gənclərin hekayə və şeirləri çap olunurdu.

Gənc ədəbi qüvvələr yalnız şeirlər yazmaqla kifayətlənməyərək müasir inqilabi ruhda, Sovet ictimai qurluşununüstünlüklərini, yeni həyatı əks etdirən dram əsərləri də yazmışdır. 1927-ci ildə Ə. Abbasov, Ə.Kəngərlinin, Q.Qurbanovun yazdıqları dram əsərləri Naxçıvan KarlLibkenbext adına komsomol klubunda tamaşaya qoyuldu, hər üç əsər tamaşaçıların hüsn-rəğbətini qazandı.

Məhz buna görə də Azərbaycan Proletar Yazıçılar cəmiyyəti Naxçıvanda ədəbi qüvvələrlə maraqlandı, onun mətbuat orqanlarında Naxçıvanda yaşayan yazıçılar fəal iştirak etməyə başladılar. 1928-ci ilin oktyabr ayında Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin katibi Süleyman Rüstəm Naxçıvan şəhərinə gələrək, Naxçıvanda yazıb yaradan ədəbi gəncliyin toplanışını keçirdi. Müasir proletar ədəbiyyatının qarşısında duran vəzifələrdən bəhs etdi. Həmin iclasda Naxçıvan Yazıçılar cəmiyyətinin məsul katibi vəzifəsinə Müzəffər Nəsirli seçildi. Toplanış poeziya gecəsi ilə yekunlaşdırıldı.

Həmin poeziya gecəsində şair Süleyman Rüstəm “Əzmimiz”, “Livadiy ada” adlı şeirlərini oxudu. Naxçıvanın istedadlı gəncləri də öz yeni şeriləri ilə çıxış etdilər. Bundan sonra bizim Azərbaycan Proletar Yazıçılar cəmiyyətində ədəbi əlaqələrimiz daha da yaxınlaşdı. Süleyman Rüstəmdən sonra gənclərimizə yaradıcılıq istiqaməti vermək üçün o zaman cəmiyyətdə katib işləyən Əjdər Süleymanov, rus yazıçısı MixailYurin tez-tez Naxçıvana gəlir , bizim yaradıcılıq müvəffəqiyyətimizlə maraqlanırdılar.

Naxçıvandakı ədəbi həyatla Süleyman Rüstəm şəxsən müntəzəm olaraq maraqlanır , bizimlə mütəmadi əlaqə saxlayırdı. İndi mənim şəxsi arxivimdə saxlanan Süleyman Rüstəmin aşağıdakı məktubu bunu aydın bir surətdə göstərir.

 1929-cu ildə Süleyman Rüstəm Naxçıvan Proletar Yazıçılar cəmiyyətinə aşağıdakı məktubu yazmışdır:

“Əziz qardaşım Müzəffər! Yazdığın məktubu və ədəbiyyat səhifələrini aldım. Sizin bu təşəbbüsünüz təqdirə layiqdir. Sənin göndərdiyin şeirləri bu günlərdə “Gənc işçi” və ya “Komsomol” məcmusunda çap edəcəyik. Sonra biz “Oktyabr alovları” boyda bir kitabça nəşr edirik, bu kitabçanı qəza yazıçılarının əsərlərinə həsr edəcəyik. İndi sən bir iş et, üzvlərinizin çap olunmamış əsərlərini (hekayə və şeir) bir yerə toplayıb bizə göndər. Tez göndərməyə çalış ki, yaxşı əsərlər toplansın. Sizin ədəbi səhifəniz haqqında məqalə yazıram.

Naxçıvanda nə var,nə yox? Bu yaxınlarda oraya bir adam göndərəcəyik. Ondan istifadə edərsiniz.

Bir də üzvlərin siyahısını tutub tezliklə cəmiyyətə göndər. Onların komsomol olub olmadığını da qeyd edəsiniz. Hər ədəbiyyat sevəni üzv deyə yazmayınız. Bizdə bu saat təmizlik gedir, yazıçı olmayanları, fəxri üzv olanları atırıq. Baqi hörmətlə, yoldaşlara salam .S. Rüstəm . 25 may.”

Həqiqətən S. Rüstəmin bu məktubundan sonra Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin katibi Əjdər Süleymanov Naxçıvana gəldi , gənc yazıçı və şairlərin yığıncağını keçirdi,ədəbi məsləhətlər verdi. Artıq Naxçıvan Proletar Yazıçılarının sırasına yeni ədəbi gənclik gəlmişdi. M.Ə.Trverdiyev, M. Nəsirli, Q.Mustafayev, Nemət Nəim, Qurban Qurbanov, Məmməd Raqib,  Baqi Hüseynov, Əli Zəbun, Əbdül Kazım, Əskər Kəngərli, Bayram Mərdanlı kimi gənclər ürəklə yaradıcılıq yoluna qədəm qoymuşdular.

                                                                                                                         1973-74

(ardı var)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: