Müstəqillik, Cümhuriyyət ideyası  və tənqidi – realist hərəkat

I yazı

214

XX əsrin əvvəllərində milli istiqlaliyyətin əldə edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması çoxsaylı milli ziyalıların, “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbuat orqanları və ədəbi cəbhələrin apardığı maarifləndirici iş və oyanış missiyasının nəticəsi idi. Azərbaycan tarixinin qızıl səhifələrini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin keçirilməsi haqqında imzalanan dövlət sənədində də haqlı olaraq qeyd olunur ki: “Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. …Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. …Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər”.

C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov və başqa mollanəsrəddinçi və tənqidi-realist ədiblərin başlıca ədəbi missiyası müstəqillik və cümhuriyyət ideyası idi. C.Məmmədquluzadənin bütün ədəbi-bədii yaradıcılığı, xüsusilə “Cümhuriyyət”, “Vətəndaşlar”, “Azərbaycan” məqalələri, “Anamın kitabı” pyesi, Ö.F.Nemanzadənin “Dərdimiz və dərmanımız”, “Eşq və məhəbbət”, Y.V.Çəmənzəminlinin “Azərbaycan muxtariyyəti. Ayılın, toplaşın”, “Biz kimik və istədiyimiz nədir?” və b. kimi məqalə və əsərlərində bütün tərəflərilə Azərbaycan istiqlaliyyəti məsələsi qaldırılır, milli dövlətçilik məsələsi xalqa izah olunurdu.

Azərbaycanlılığın təkcə millət olaraq deyil, həm də milli ideya, konseptual ideologiya və bir ictimai hərəkat proqramı olaraq müəyyənləşməsi görkəmli ədib Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Azərbaycan tənqidi realizminin qüdrətli bayraqdarı, görkəmli ədib Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı Azərbaycançılıq ideologiyasının ideya mənbəyi olduğu kimi, istiqlal düşüncəsi və Cümhuriyyət ideyasının da ən etibarlı, mükəmməl və bitkin proqramdır. Onun ayrı-ayrı publisist yazılarında konkret Azərbaycançılıqla bağlı məsələlər özünə şərh tapdığı kimi, “Anamın kitabı” pyesi, “Azərbaycan” məqaləsi, “Vətəndaşlar”, “Cümhuriyyət” məqalələri Azərbaycançılığın, milli istiqlaliyyətin və cümhuriyyət quruculuğunun  proqram xarakterli mənbəyi hesab edilə bilər. Professor Yaşar Qarayev doğru yazırdı ki: “Özünəqədərki Azərbaycan yazıçılarından ən çox ideoloq olanı–Cəlil Məmmədquluzadədir”. C.Məmmədquluzadə “Azərbaycan” məqaləsində vətənin, millətin və vətəndaşlıq borcunun konkret “xəritəsini” təqdim etmişdir. Bu mənada Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi vaxtında meydana çıxmış həqiqi milli manifest kimi səslənir” (akad.İ.Həbibbəyli). “Аzərbаycаn ədəbi-ictimаi fikir tаriхində, sözün gеnişmənаsındа, milli istiqlаl, dеmоkrаtiyа və Vətən аzаdlığıuğrundаmübаrizənin ön cərgəsində dаyаnаn”, “yаrаdıcılığı gələn hər yеni nəsil üçün müstəqillik, аzərbаycаnçılıq, millilik və vətəndаşlıq tərbiyəsi məktəbi” (akad. İ.Həbibbəyli) olan, həmişə yаrаdıcılıq “qəsdi Аzərbаycаn üzərinə” оlаn böyük azərbaycançı ədib Cəlil Məmmədquluzadə “dünyа-аləmin dəyişildiyi,  bütün zаdlаrın dəyişilib öz mənаsınıtаpdığı” bir vахtlаrdа “vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil. Bəni–nоi-bəşər üçün bu dаirələrdənkənаr özgə bir nicаt” оlmаdığını “lüt-üryаn vətən qаrdаşlаrınа” səslənirdi. Görkəmli ədibin “Azərbaycan” məqaləsini bütövlükdə azərbaycançılığın platforma və proqramı hesab etmək olar. Onun burada ana dili, ana vətən, milli dövlətçilik, ərazi bütövlüyü və s. ilə bağlı irəli sürdüyü ideyalar milli düşüncə tərzinin xəritəsi, müəyyənləşdirdiyiAzərbaycançılıqməfkurəsi və vəzifələri kimi yer tapır:

“Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm:

 – Mənim anam kimdir?

   Öz-özümə də cavab verirəm ki:

– Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.

 – Dilim nə dilidir?

 – Azərbaycan dilidir.

– Yəni vətənim haradır?

– Azərbaycan vilayətidir…

– Haradır Azərbaycan?

Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də …qədim Rusiya  hökuməti ilə Osmanlı hökumətinin daxilindədir”. Göründüyü kimi, vahid, bütöv, müstəqil bir Azərbaycana sahib olmaq dövrün və zəmanənin tələbi, vətənpərvər insanların ürəyindən qopan nida idi. Bu mənada Sona Vəliyeva düzgün ifadə edirdi ki: “Əlinə qələm aldığı gündən ömrünün sonunadək milli istiqlal uğrunda mübarizəni məslək kimi, ideya mübarizəsi kimi qəbul edən Mirzə Cəlil özünün dahi təfəkküründən süzülən nurun ziyasında müstəqil Azərbaycanın varlığını uzaqdan da olsa aydınca görürdü”.

Cəlil Məmmədquluzadə öz fikirlərində azadlıq və cümhuriyyət tərəfdarı idi. Xalqın azadlığını konstitusiyalı cümhuriyyət – “məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarında olan” respublikalı dövlət qurmaqda görürdü. Çünki “cümhuriyyət üsulu mocibincə məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin … vəkilləridir”. Bunlardan başqa “cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qisimdir. … etiqad azadlığı, … yığıncaq azadlığı, … birləşmək, … çap eləmək, …danışmaq, … siyasi partiyalar düzəltmək  və … dilbir olub, həmtədbir olmaqdır.   Budur cümhuriyyətin ən vacib əsasları”.

Böyük Azərbaycançı ədib Cəlil Məm­məd­quluzadə Azərbaycanın tarixi taleyini ələ aldığı “Anamın kitabı” adlı məşhur azərbaycannaməsində ana Zəhrabəyimin timsalında vətənin taleyini əks etdirdiyi artıq birmənalı olaraq bildirilmişdir. Fikrimizcə, C.Məmmədquluzadənin bu əsəri təkcə vətən taleyini ümumiləşdirmək, onun tarixi taleyini ələ almaq baxımından deyil, həm də ayrıca Azərbaycan tarixində qısa bir zaman kəsiyində yaranıb fəaliyyət göstərmiş, bir gənc ananın nakam həyatı təsirini bağışlayan Azərbaycan Xalq Cümhuriyyətinin tarixini və taleyini əks etdirməsilə də özünəməxsusluq təşkil edir. Ədib burada da vətən idealını atanın vəsiyyəti timsalında belə ifadə edirdi: “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”. Fikrimizcə, ədibin ümumiləşdirdiyi bu vəsiyyətnaməsi öz üslubuna görə müqəddəs “Qurani-Kərim”in (və digər müqəddəs dini kitabların) üslubuna uyğundur. Diqqət edilsə, atanın vəsiyyətnaməsində işlənən “Vay o kəsin halına ki”, “Mən etiqad edirəm ki” kimi ifadə formaları eynən tez-tez “Qurani-Kərim”də də (və digər dini müqəddəs kitablarda da) işlənir və aparıcı müraciət üslubunu təşkil edir. Vəsiyyətnamədəki yığcamlıq, məzmunluluq, diqtə, təntənə, əzəmət və s. elə “Qurani-Kərim”də də aparıcılıq təşkil edir. Vəsiyyətnamədəki “Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki Ay və Ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə!” mətni islamın “Mən şəhadət edirəm ki, Allah birdir…” başlıqlı müsəlmançılığın “kəlmeyi-şəhadət”ini xatırladır və bu mənada Mirzə Cəlil bu yığcam, üslubca zəngin kiçik mətnlə Azərbaycançılığın “kəlmeyi-şəhadət”ini yazmışdır. Bundan başqa düşünmək olar ki, Cəlil Məmmədquluzadə həm də o sənətkarlardandır ki, Ayı və Ulduzu atanın yadigar qoyduğu “Anamın kitabı”nda təsvir etməklə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına işarə etmiş, bu əsəri ilə sanki ilk demokratik Azərbaycan dövlətinə olan rəğbətini bildirmiş, üç qardaşın simasında onların barışmaz münasibətləri, anlaşmazlıqları və s. timsalında onun süqutu səbəblərini təsvir etmişdir.

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: