Naxçıvan mətbuatı hərtərəfli qayğı ilə əhatə olunub

299

1875-ci il iyulun 22-də görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən milli mətbuatın əsasının qoyulması bütövlükdə Azərbaycan ictimai-siyasi fikir tarixində mühüm hadisə idi. “Əkinçi” qəzetinin nəşri milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir.  Azərbaycan milli mətbuatı “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi başlıca prinsiplərə sadiq qalmış, bütün dövrlərdə həqiqət carçısı kimi ictimai-siyasi, sosial problemləri üzə çıxarmış, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. “Əkinçi”nin ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar milli mətbuatımızı çoxşaxəli inkişaf yoluna çıxarmışdır. Bu il yaranmasının 100 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti dövründə milli mətbuatımız sələflərinin formalaşdırdığı müstəqillik ideyalarını gerçəkləşdirmişdir. Azərbaycanda bolşevikləşmədən sonra milli mətbuatımız da sovet diktaturısının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Bu illərdə ulu öndərin xidmətləri sayəsində mətbuatda milli dəyərlərimizin, adət-ənənələrimizin, zəngin tarixi-mədəni irsimizin təbliği istiqamətində əsaslı dönüş yaranmışdır.

Milli mətbuatımızın müstəqillik illərindəki inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüş yaratdı. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, Azərbaycan bu sahədə mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz və fikir azadlığı, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu. İnformasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verildi.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edildi, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Görkəmli dövlət xadimi Heydər Əliyev mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi qayğı göstərirdi. 2001-ci ildə Azərbaycan jurnalistlərinin birinci qurultayının keçirilməsi və Mətbuat Şurasının yaradılması da milli mətbuatın inkişafında mühüm mərhələ təşkil edir.

Görkəmli dövlət xadimi Heydər Əliyev jurnalist kollektivləri ilə görüşlərində mətbuatın problemlərini, mövcud nöqsanlarını da qeyd edir, dəyərli tövsiyələr verir, kütləvi informasiya vasitələrinin, ayrı-ayrı jurnalistlərin dövlət quruculuğu, xalqın maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərini yüksək dəyərləndirərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. …O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.                             

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ənənələrə sadiq qalaraq kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ildən başlayaraq ölkəmizdə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi sahəsində bir sıra fərman və sərəncamlar imzalanmışdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nın qəbul edilməsi, mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisidir.  Doğma Naxçıvanımızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz töhfəsini vermişdir. Sərəncamdan sonra muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli iş şəraiti yaradılmış, mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilmişdir. Artıq 10 ildən çoxdur ki, muxtar respublikanın mərkəzi mətbuatı – “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər, onların problemləri ilə maraqlanması, dəyərli məsləhətlər verməsi jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar açır. Milli mətbuatın, eləcə də “Şərq qapısı” qəzetinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ilin oktyabr ayında Naxçıvan Mətbuat Şurasının yaradılması, “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının istifadəyə verilməsi, “Şərq qapısı” qəzetinin internet saytının yaradılması mətbuata göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Bütün bunların nəticəsidir ki, muxtar respublikanın informasiya blokadası ləğv edilmiş, azad mətbuatın inkişafı təmin olunmuşdur. Bu gün muxtar respublika mətbuatı öz tarixi ənənələrinə söykənərək ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.

Naxçıvanda 9 qəzet, 3 jurnal nəşr olunur. Bununla yanaşı digər kütləvi informasiya vasitələri –  2 televiziya, 2 radio, “Universitet” televiziyası və radiosu  da fəaliyyət göstərir, bu sahədə 400-dən artıq əməkdaş çalışır. Qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdirlər. İnformasiya texnologiyalarının tətbiqi tele­radio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırmış, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunmuş, Naxçıvan Dövlət Televiziyasının internet saytı yaradılmış, televiziyanın və radionun internet üzərindən canlı yayımı təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncama əsasən muxtar respublikada ilk dəfə “Nuhçıxan” informasiya agentliyi yaradılmış, agentliyin saytı istifadəyə verilmiş, teleradionun maddi-texniki bazası gücləndirilmiş, müasir yayım və çəkiliş avadanlıqları alınmışdır. Həmçinin Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı artırılaraq 19 saata çatdırılmışdır. Hazırda  “Nuhçıxan” informasiya agentliyi tərəfindən muxtar respublika ilə bağlı ən mühüm informasiyalar, şərh və rəylər, analitik məqalələr, foto və videoinformasiyalar, rəsmi materiallar üç dildə dünyaya çatdırılır.

Muxtar respublikanın yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam dolğun ödənilməsinə imkan verir.         Yaradılan şərait jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə hesablanıb. Artıq ölkəmizin mötəbər televiziya və informasiya agentliklərinin muxtar respublikada müxbir postları fəaliyyət göstərir, hər il dünyanın müxtəlif yerlərindən gələn yüzlərlə jurnalist Naxçıvan haqqında teleradio və qəzet materialları hazırlayırlar.

Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və kitabxanaçılıq kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı Media Mərkəzində, xüsusilə “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Bu gün artıq muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin gənc­lərdən ibarət olması bunu bir daha təsdiq edir.

Naxçıvan Muxtar Respublikasında azad sözə, azad fikrə xüsusi diqqət göstərilməsinin nəticəsidir ki, jurnalistlərin yaradıcılıq imkanları xeyli genişlənmişdir. Ali Məclis Sədrinin muxtar respublikanın mətbuat işçiləri ilə görüşləri zamanı verdiyi tövsiyə və tapşırıqlar mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsində əsaslı rol oynayır. Muxtar respublika jurnalistləri 2017-ci il yanvarın 28-də “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirə zamanı Ali Məclis Sədrinin “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir” – fikirlərini əsas fəaliyyət istiqamətinə çeviriblər.

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirənin keçirilməsi mətbuat xidmətlərinin informasiya-məlumatlandırma işinin düzgün qurulmasında, eləcə də kütləvi informasiya vasitələri ilə mütəmadi əməkdaşlığın təşkilində mühüm əhəmiyyətə malik olmuşdur.

Bu gün hərtərəfli inkişaf və tərəqqinin ünvanı olan muxtar respublikamızda kütləvi informasiya vasitələrinin də üzrinə mühüm vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasındakı məruzəsində demişdir: “Kütləvi informasiya vasitələri ictimai nəzarət orqanı kimi fəaliyyətlərini gücləndirməli, milli dəyərlərimiz təbliğ edilməli, qəbul olunmuş dövlət proqramlarının icrası diqqətdə saxlanılmalıdır. Teleradio və qəzetlərdə informasiya-məlumatlandırma işi düzgün qurulmalı, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi üçün sistemli iş təşkil olunmalıdır”.

Muxtar respublika jurnalistləri verilən tapşırıqları əldə rəhbər tutaraq doğma diyarımızın inkişafına bundan sonra da öz töhfələrini verəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: