“The Jerusalem Post”: Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri strateji xarakter daşıyır

188

İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun “Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri mühüm əhəmiyyət kəsb edir və strateji xarakter daşıyır” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN xəbər verir ki, müəllif Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini vurğulayır. Bildirir ki, Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayan marşrutların şaxələndirilməsi ilə yanaşı, enerji mənbələrinin şaxələndirilməsinə də töhfə verir. Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Şübhəsiz ki, Avropa İttifaqı (Aİ) və NATO ilə əməkdaşlıq Azərbaycana bir çox məqsədlərə nail olmaqda kömək edə bilər. Buna görə də ölkə həm Avropa İttifaqı, həm də NATO ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Azərbaycanla Aİ arasındakı əməkdaşlığın səmərəlilik, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında qurulması çox vacibdir.

Arye Qut Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasını vurğulayaraq, bu sənədin əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

Müəllif Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələrdə də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq qurmağı planlaşdırdığını qeyd edir.

Məqalədə, həmçinin Azərbaycanın “Sülh naminə Tərəfdaşlıq” proqramının prinsiplərinə əsaslanaraq ortaq maraq doğuran mühüm məsələlər üzrə NATO ilə siyasi dialoq apardığı vurğulanır.

O, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynadığını vurğulayaraq, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlılarının NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət etdiyini diqqətə çatdırır. Qeyd edir ki, 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir və ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.

Məqalənin sonunda İsrailli ekspert Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündəki nitqindən sitat gətirərək yazır: “Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır. Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir. Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: