Fransanın “AgoraVox” portalında “Azərbaycan qadınının obrazı” sərlövhəli məqalə dərc olunub. Məqalədə fransız jurnalistin ölkəmizdə müxtəlif sahələri təmsil edən doqquz qadınla müsahibələri yer alıb.
NUHÇIXAN xəbər verir ki, müəllif mürəkkəb geosiyasi məkanda yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın dünyəvi ölkə olmasından, Bakıda məscid, kilsə və sinaqoqların yan-yana yerləşməsindən bəhs edib. Fransalı jurnalist ölkədə gender bərabərliyi, qadınların cəmiyyətdə yeri, onların hüquqlarının qorunması vəziyyətindən söz açıb, Azərbaycan qadınının bu sahələrdə digər müsəlman ölkələrin qadınlarına örnək olmasını diqqətə çatdırıb.
Bakıda ölkə həyatının müxtəlif sahələrini təmsil edən qadınlarla görüşən fransalı jurnalist onların fəaliyyətləri haqqında ətraflı məlumat verib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva jurnalistə müsahibəsində yeddi siyasi partiyanın təmsil olunduğu Milli Məclisdə 125 deputat yerinin 21-ni qadınların tutduğunu bildirib. S.Fətəliyeva ölkəmizdə qadın hüquqlarının inkişafı tarixindən söz açaraq, onlara 1918-ci ildə səsvermə hüququ verildiyini qeyd edib. O bildirib ki, bu gün Azərbaycanda qadınlar ictimai, siyasi, iqtisadi həyatın bütün sahələrində uğurla fəaliyyət göstərirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə müsahibədə onun qadınlara dövlət qayğısı, ölkəmizin tolerant həyatı, qadınların müxtəlif rəhbər orqanlarda təmsil olunması, təhsilin, elmin və mədəniyyətin inkişafına verdikləri töhfələr barədə fikirləri yer alıb. Komitə sədri deyib ki, Azərbaycan parlamentində deputatların təqribən 6 faizi, bələdiyyələrdə 35 faizi, məhkəmə hakimlərinin 24 faizi, biznes sahəsində rəhbər işçilərin 35 faizi qadınlardır. Elm, təhsil və səhiyyə sahələrində qadınların sayı kişilərdən xeyli çoxdur. Ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirilir, bu mövzuda geniş maarifləndirmə işləri aparılır.
Jurnalist qadınlar – “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva və “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı ilə müsahibələrdə milli mətbuatımızın keçdiyi tarixi yola, jurnalistika sahəsində qadınların kişilərlə çiyin-çiyinə çalışdıqlarına, Azərbaycan mediasının uğurlarına dair fikirlər yer alıb.
Məqalədə, həmçinin Ali Məhkəmənin hakimi Tatyana Qoldman, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Fidan Hacıyeva, Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Cəmilə Talıbzadə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, BP-Azərbaycan şirkətinin mühəndisi Nigar Cəlilova ilə müsahibələr də verilib. Onlar Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, qadınların cəmiyyətdəki yerindən və rolundan ətraflı söhbət açıblar.
Yazının sonunda beş ildir ki, Bakıda yaşayan, Azərbaycan-Fransız Universitetinin baş katibi Şarlot Payenin Azərbaycan qadınının cəmiyyətdə rolu və nüfuzu barədə fikirləri də əksini tapıb.