Milli mətbuat günü ilə bağlı tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “Ağbulaq İstirahət Mərkəzi”ndə “22 iyul-Milli mətbuat günü” ilə bağlı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları ilə görüş və onların mükafatlandırılması mərasimi olub. Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirib ki, dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həmçinin 1990- cı ilin bu günü Azərbaycan mətbuatının hamisi, xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvadan ata yurdu olan Naxçıvana qayıtdı. Bununla da Azərbaycanın ikinci dəfə müstəqilliyi uğrunda mübarizənin əsası qoyuldu. Ölkəmizin ikinci dəfə müstəqillik qazanması mətbuatı da öz azadlığına qovuşdurdu. Azərbaycan mətbuatının müstəqilliyimizin qazanılmasında və onun qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub. Bu gün muxtar respublikada bütün sahələrdə inkişaf gedir, mətbuata və orda çalışan gənclərə qayğı xüsusilə diqqət mərkəzində saxlanılır.
Daha sonra çıxış edənlər 22 iyul–Azərbaycanda Milli Mətbuat günü münasibəti ilə gənc əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlardan sonra Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifasında konsert proqramı təqdim olunub. Gənclər musiqi sədaları altında rəqs edib və gənc jurnalistlər həmkarlarına milli mətbuat və jurnalistika günü münasibətilə təbriklərini ünvanlayıblar. Tədbir əsl bayram əhval-ruhiyyəsi ilə davam edib. Konsert proqramından sonra muxtar respublikada keçirilən tədbirlərin işıqlandırılmasında fəal iştirak edən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları təltif olunublar. Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrini təmsil edən 9 nəfər gənc jurnalistə xatirə plaketləri təqdim olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyi xəbər çoxluğu və operativ xəbər yayımına görə mükafatlandırılıb.
Tədbir çərçivəsində Ağbulaqda istirahət edən muxtar respublikanın fəal gənclərinə hədiyyələr verilib. Təltif olunan gənclər onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər. Tədbir çay süfrəsi arxasında davam edib.
Sonda gənc jurnalistlərlə xatirə şəkli çəkdirilib.