Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqsədilə xüsusi ekspert qrupunun hazırladığı kodeks layihəsini dərc edib.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, layihədə yer almış beş mühüm istiqamət əsasında Avropa Komissiyası onlayn dezinformasiya həcmini xeyli dərəcədə azaltmağı planlaşdırır. Bu sıraya reklam yerləşdirilməsinin təhlilinin daha da yaxşılaşdırılması, siyasi reklamda şəffaflığın artırılması, pullu kontentin yayılması, feyk akkaunt və botların aşkar edilməsi və pozulması üzrə platforma imkanlarının (o cümlədən sosial şəbəkələr) genişləndirilməsi, istifadəçilərin alternativ informasiya mənbələri tapması üçün axtarışın sadələşdirilməsi məsələləri daxildir.
Kodeks Avropa Komissiyası tərəfindən sentyabrın sonunda təsdiq edilməlidir.
Bununla yanaşı, sənəddə feyk informasiyanın dəqiq müəyyənləşdirilməsi və onu alternativdən ayırma məsələləri əksini tapmayıb. Bu problem Avropa KİV-lərində getdikcə daha geniş yayılır. Belə ki, alternativ nöqteyi-nəzər avtomatik olaraq feyk kimi təsnif edilir. Bir çox ekspertlər isə feyklərə qarşı mübarizə kampaniyasının senzura təsisatlarına çevrilmə riski barədə xəbərdarlıq edirlər.