Cümhuriyyət-100: Ermənistan prokurorluğunun axtarışa verdiyi azərbaycanlı diplomat – Teymur xan Makinski
Ermənilərin iç üzünü və dilini yaxşı bilən Teymur xan Makinskinin fəaliyyəti Ermənistan hökumətini ciddi narahat edirdi. Buna görə də onun hər addımı izlənilir və ona mane olmağa çalışırdılar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin İrəvandakı daimi nümayəndəsi olan Makinski Zəngəzur, Göyçə və İrəvan ərazisində yaşayan azərbaycanlıların birliyini və güclənməsini təmin edə bilmişdi.
Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Teymur xan Makinski haqqında tədqiqatlarında bir sıra dəyərli məlumatlar üzə çıxarıb. NUHÇIXAN yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.
Teymur xan Məmmədqulu xan oğlu Makinski 1874-cü ildə qədim Azərbaycan diyarı İrəvan şəhərində dünyaya gəlib. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə də yaxın qohum idilər.
Makinski İrəvan şəhər gimnaziyasını bitirdikdən sonra Polşaya gedərək Varşava Universitetinin hüquq fakültəsinə daxil olub. 1916–cı ildə fakültəni birinci dərəcəli diplomla bitirərək Azərbaycana qayıdıb.
1917–ci ildə Rusiyada baş verən Fevral – burjua inqilabından sonra Qafqazda, o cümlədən Azərbaycanda yaranan siyasi ab-hava Makinskinin siyasətə qoşulmasına zəmin yaradıb. Ölkədə başlayan millətçilik hərəkatı azadlığa gedən yolu işıqlandırır, cəmiyyətin müstəqillik əhval-ruhiyyəsini artırırdı. Belə bir zamanda bu hərəkatın önündə yer alanlardan biri də Makinski olub.
O, Tiflisdə qurulan Zaqafqaziya Seymində müsəlman fraksiyasının tərkibində Azərbaycanı təmsil edib. Seymin işində fəal iştirak edən Makinski sonra Tiflisdə azərbaycanlı nümayəndələr tərəfindən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Milli Şuraya üzv seçilib. Milli Şura 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdikdən sonra Makinski Fətəli xan Xoyskinin qurduğu birinci və ikinci hökumətdə ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
1918-ci il dekabrın 7-də Bakıda açılan Azərbaycan parlamentində təmsil olunan Teymur xan Makinski həmin il dekabrın 26-dan 1918-ci il martın 14-dək Fətəli xan Xoyskinin qurduğu üçüncü hökumətdə ədliyyə naziri vəzifəsini icra edib. O, 1919–cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri vəzifəsində işləyib.
Makinski İrəvan quberniyasındakı azərbaycanlıları erməni zülmündən qorumaq məqsədilə 1919–cu ilin yanvarında Bakıda qurulan İrəvan quberniyası Həmyərliləri Cəmiyyətinin idarə heyətinə sədr seçilib.
O, Xalq Cümhuriyyəti dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almalarına da kömək göstərib.
1919–cu il noyabrında Göyçə və Zəngəzur mahalından 100 minlərlə azərbaycanlı ermənilər tərəfindən məcburən doğma torpaqlarından qovuldu. Bu hadisə Xalq Cümhuriyyəti üçün ciddi problemlərə səbəb oldu. Köçün qarşısını almaq və lazımi tədbirlər görmək üçün Makinski 1920–ci il martında Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəsi təyin olunub. Makinski gizli özünü müdafiə dəstələri quraraq erməni quldur dəstələrinə və onların havadarlarına qarşı vuruşub. Səfir olduğu qısa müddətdə yerli Azərbaycan əhalisinə qarşı mövcud təzyiqi qismən aradan qaldırmağa nail olub.
Ermənilərin iç üzünü və dilini yaxşı bilən Makinskinin fəaliyyəti Ermənistan hökumətini ciddi narahat edirdi. Buna görə də onun hər addımı izlənilir və ona mane olmağa çalışırdılar. Azərbaycan hökuməti Zəngibasarda mühasirə şəraitində yaşayan azərbaycanlıların zəruri ehtiyaclarının təmin edilməsi üçün Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinə 600 min rubl göndərmişdi. Diplomatik nümayəndəliyin gizli yazışmalarını və şifrəli teleqramlarını ələ keçirən erməni kəşfiyyatı məsələdən xəbərdar olmuş və 1920–ci il aprelin 4-də nümayəndəlik əməkdaşları pulu Zəngibasara apararkən yolda onları saxlayaraq pulu ələ keçirmişlər. Bütün bu çətinliklərə baxmayaraq, Makinski Zəngəzur, Göyçə və İrəvan ərazisində yaşayan azərbaycanlıların birliyini və güclənməsini təmin edə bilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ermənistan hökuməti tərəfindən 1920-ci il mayın 15-də Azərbaycan diplomatik nümayəndəliyinin fəaliyyəti dayandırıldı. Bunu fürsət bilən Ermənistan hökuməti tərəfindən səfir olduğu vaxt İrəvan və Zəngibasarda yaşayan azərbaycanlılara maddi və mənəvi kömək göstərdiyi üçün Makinskiyə qarşı cinayət işi açıldı. Ermənistan prokurorluğu tərəfindən axtarışa verilən Makinski Gürcüstanın İrəvandakı daimi təmsilçisinin köməyi ilə gizlicə Tiflisə yollandı. Tiflisə gedərkən ermənilərin əlinə keçməsin deyə mühüm sənəd və arxiv materiallarını da özü ilə aparmışdı.
Təəssüf ki, 1920-ci il mayın 28-də Tiflisə gedən Makinskinin sonrakı taleyi barədə məlumat yoxdur…