Ermənistan ordusunda xaos hökm sürür

220

Dərin iqtisadi böhran içində olan Ermənistan hərbi sahədə də iflasa uğrayıb.

NUHÇIXAN-ın məlumatına görə, erməni mətbuatı yazır ki, hökumətin başı hakimiyyət davasına qarışdığı bir vaxtda orduda xaos hökm sürür.  Narkoman zabitlər, müəmmalı əsgər ölümü adi hala çevrilib. Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları isə baş nazir Nikol Paşinyandan onların övladlarının ölümünün əsl səbəblərini araşdırmağı tələb edirlər.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin 2018-ci ilin ilk yarısına olan hesabatına əsasən, Ermənistan ordusunda 24 ölüm faktı qeydə alınıb. Bunlardan 16-sı Azərbaycanın işğal atında olan Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin tərkibində, 8 hal isə Ermənistanda baş verib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirir ki, Ermənistanın hərbi sahədə iflasında bir başa məsuliyyəti Serj Sarkisyan və onun əlaltıları daşıyır. Hüquq müdafiəçisinin sözlərinə görə hakimiyyəti zor gücünə ələ keçirən bu cinayətkar qruplaşmanın üzvləri, başçıları qarışıq həbs edilməlidir. Nəhayət Serj Sarkisyan törətdiklərini etiraf etməli və qanun qarşısında cavab verməlidir.  Çünki onun dəstəsinin üzvləri ancaq talançılıqla məşğul olublar. Məsələn, sabiq müdafiə naziri Seyran Ohanyan vəzifədən getdikdən sonra oliqarx həyatı sürür. Hərbi xunta rejiminə qarşı başlanılan istintaq işindən sonra Ohanyanın da məsuliyyətə cəlb ediləcəyi gözlənilir. Bu səbəbdən də sabiq müdafiə naziri İrəvandakı villasını sökdürməyə başlayıb. Bu barədə “Jamanak” qəzeti yazır  ki,  mülkün uçurdulmasına səbəb Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir. Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq.  Ermənistan mətbuatı onu da yazır ki, hökumətin başı hakimiyyət davasına qarışdığı bir vaxtda Azərbaycan güclənir. Ararat vilayətinin Zanqakatun kənd özünümüdafiə dəstəsinin komandiri Jora Mkrtçyan və həmin kənddən olan tarix elmləri namizədi Armen Karapetyan deyir ki, kəndin vəziyyəti bu ilin yanvar ayından etibarən ciddi şəkildə dəyişib. 1991-92-ci illərdə müharibə yolu ilə ələ keçirdikləri ərazilər, indi sakit şəkildə azərbaycanlıların nəzarətinə keçib. Heç kim bunun necə baş verdiyini izah etmir. Azərbaycan tərəf artıq 6-7 postda mövqe tutub. Mkrtçyanın sözlərinə görə, hazırda Azərbaycan ordusunun nəzarət etdiyi postdan İrəvan-Yeğeqnadzor magistral yolunu nəzarətdə saxlamaq mümkündür. Azərbaycan ordusu güclü və məğrurdur. Ermənistan ordusunda isə əksinə xaos hökm sürür.  Narkoman zabitlər, müəmmalı əsgər ölümü adi hala çevrilib. Xüsusən də Tavuş rayonunun Mehrab kəndindəki hərbi hissədə ölmüş əsgərlərin cinayət işi şübhə doğurur. Hökumətdən ədalətli istintaq tələb edən anaların əksəriyyəti oğulları Mehrabda hərbi xidmət keçənlərdir. Mayın 6-da həmin hərbi hissədə cəmi 10 ay xidmət keçən əsgər Levon Torosyan ölü tapılıb. Onun ailəsinə bildirilib ki, Torosyan intihar edib. Lakin ailəsi bu iddianın yalan olduğunu deyir. Çünki əsgər ölümündən cəmi 26 dəqiqə əvvəl doğmaları ilə telefonda danışıb və yaxşı olduğunu bildirib. Yaxınları vurğulayırlar ki, tibbi ekspertiza nəticəsində Levonun bədənində təcavüz əlamətləri aşkarlanıb.  Əsgərin əsl ölüm səbəbilə heç kimin məşğul olmadığını deyən ailəsi Ermənistan ordusunda hökm sürən əsl vəziyyəti ifşa edir. Sitat “Oğlum həmişə şikayətlənirdi ki, hərbi hissədə özbaşınalıqdır. Zabitlər içki və narkotikin təsiri altında yatırlar. Əsgərlərə qarşı şiddət tətbiq edirlər. Və ölkənin sərhədlərini bu cür orduda xidmət edən bizim 18 yaşlı uşaqlarımız qoruyur”. Sitatın sonu… Ermənistan ordusundakı xaos fonunda Torosyan ailəsi baş nazirdən ədalətli istintaqın aparılmasını və cinayətkarların tezliklə cəzalandırılmasını tələb edir. Erməni mətbuatı yazır ki, Levonun anasının dedikləri Mehrabdakı hərbi hissədə qeyri-döyüş şəraitində ölmüş digər əsgərlərin analarının dedikləri ilə üst-üstə düşür. Onların hamısına oğullarının intihar etdiyi bildirilib.  Əsgərlərin ölümü ilə bağlı uzun zamandır ilkin istintaq gedir, amma artıq 7-8 müstəntiq dəyişiblər. Məhkəmə  futbol topu kimi cinayət işini bir-birinə ötürüb vaxt uzadır. Həmçinin qeyd olunur ki, Ermənistanın Mehrab kəndindəki hərbi hissə artıq uzun illərdir zabit özbaşınalığı rekord səviyyədə olması ilə ad çıxarıb. 2010-cu ildə orada kiçik leytenant döyülərək öldürülüb. Hətta ölümündən sonra onun cəsədi güllələnib. Ermənistan ordusunun arxiv rəisi  Emiliya Ananyan da şübhəli şəkildə ölüb. Onu 46 yaşlı İrəvan sakini Artak Kirakosyan idarə etdiyi avtomobillə Tbilisi küçəsində vurub. Ermənistan mətbuatı bunun  sui-qəsd olduğunu yazır. Çünki, Ananyan uzun müddətdir ordunun arxiv rəisidir və bu sahədə çoxlu   sirlərə sahibdir. Onun ölümü görünür kimlər üçünsə daha sərfəlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: