Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

2. 992

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan iqtisadi və mədəni yüksəlişə nail olub, bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin əsası qoyulub. Bu gün Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilib, dövlət-xalq birliyi və sabitlik yaranıb. Hər bir ölkə vətəndaşı Ulu Öndərin siyasi xəttinə sədaqət nümayiş etdirərək Azərbaycanın inkişafına öz töhfəsini verir. Dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər insanların əməyi isə daim yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar.

NUHÇIXAN xəbər verir ki, iyulun 13-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin yüksək orden, medal və fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib. “Orden, medal və fəxri adlara layiq görülmək şücaət göstərmək, öz işində fərqlənmək və nümunəvi xidmət etməkdir”, – deyən Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Təltif olunanlardan Şəmsi Əsgərov, Surayyə Zeynalova, Hüseyn Mikayılov və Teymur Eyyubov dövlət mükafatlarına layiq görülmələrini çalışdıqları kollektivlərin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib və qeyd ediblər ki, Ulu Öndərin siyasi xəttinin davam etdirilməsi Azərbaycanı qüdrətli dövlətə çevirib. Yaradılan şərait hər bir insanı yaxşı işləməyə, nümunə göstərməyə ruhlandırır. Təltif olunanlar bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarına söz veriblər.

“İgidliyə görə” medalı ilə təltif olunan Mircəlal İsaqov deyib: Muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Torpaqlarımız etibarlı müdafiə olunur. Günnüt əməliyyatı da ordumuzda döyüş hazırlığının yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu əməliyyatlarda iştirak edən hərbi qulluqçular Ali Baş Komandan tərəfindən təltif olundular. Mən də “İgidliyə görə” medalı ilə təltif olunmuşam. Hərbçi yoldaşlarım adından minnətdarlıq edir və söz veririk ki, bundan sonra da verilən hər bir tapşırığı uğurla yerinə yetirəcəyik.

“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Füzuli İsmayılov minnətdarlıq edərək deyib: Mən Naxçıvan Muxtar Respublikasında leytenant rütbəsində xidmətə başlamışam. Lakin bu gün polkovnik rütbəsinə qədər yüksəlmişəm. Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərlə yanaşı, həm də hərbi qulluqçular üçün hərtərəfli məişət şəraiti yaradılır. Hərbi xidmət dövründə özüm və ailəm daim qayğı ilə əhatə olunmuşuq. Təltif olunmağım məsuliyyətimi artırır və məni daha da nümunəvi xidmət etməyə ruhlandırır. Fəxr edirəm ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında xidmət edirəm.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: