NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub

159

NATO üzv dövlətləri Brüsseldə keçirilən Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər.

NUHÇIXAN xəbər verir ki,  Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib.

Bəyanatda qeyd edilir ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər.

Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir.

Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: